ABŞ prezidenti Donald Trampın Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda Qarabağ münaqişəsi ilə bağlı bir məqam diqqət çəkib
Təbrik məktubunda qeyd edilib ki, qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq.
Trampın bu fikirləri nə ifadə edir? Qarşıdan gələn aylarda Qarabağla bağlı nə baş verə bilər?
Millət vəkili, politoloq Rasim Musabəyov AzVision.az-a bildirib ki, hələlik Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın aktual xarici siyasət gündəliyində mövcud deyil: "ABŞ münaqişənin həlli ilə bağlı həmsədr kimi qalıb-qalmamaqda tərəddüd edirdi. Dövlət Departamentində ixtisarlar gedirdi və belə bir vəzifəni, orada olan ştatları saxlayıb-saxlamamaq mübahisə predmeti idi. Buna baxmayaraq, ABŞ-ın nümayəndələri qaldı, amma biz bu ölkənin münaqişənin həlli istiqamətində fəallığını müşahidə etmirik. Prezident Donald Trampın başı Şimali Koreya və Yaxın Şərqə qarışıb. İstəyərdik ki, Dağlıq Qarabağ münaqişəsində də fəallıq artsın. Ancaq hələlik bu hiss olunmur”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Trampın Qarabağla bağlı fikrinin arxasında Azərbaycanı kompromisə meylləndirmək cəhdi gizlənib:
"Güman etmirəm ki, onun sözü konkret nəyisə ifadə edir və onun arxasında etimad edilən bir iş durur və ya müəyyən irəliləyiş olacaq. Hesab edirəm ki, Tramp bununla tərəfləri, xüsusən də Azərbaycanı kompromisə meylləndirmək cəhdi ilə bu fikiri öz təbrik məktubunda qeyd edib”.
Politoloq qeyd edib ki, münaqişə ilə bağlı Azərbaycandan müəyyən güzəştlər tələb edirlər. "Ölkəmiz lazım olan güzəştlərin hamısını edib və güzəştlər limiti bitib. Tramp bizdən əlavə nələrisə tələb etmək fikrindədirsə, prosesləri daha ciddi qiymətləndirməsini rica edərdik. Çünki biz beynəlxalq hüququn tələb etdiyi məsələlərin həllini istəyirik. Bu çərçivədə fəaliyyət göstəririk. Bununla bağlı BMT Təhülkəsizlik Şurasının 4 qətnaməsi var. Orada Azərbaycanın ərazi bütövlüyü məsələsi dəqiq surətdə öz əksini tapıb. Ona görə də bu gün Azərbaycanı hansısa kompromislərə təhrik etmək cəhdləri uğursuzdur. Tramp əgər problemin həllini və bölgədə ABŞ-ın nüfuzunu artırmaq istəyirsə, həqiqətlərin zəfər çalmasına, işğalçı ilə işğala məruz qalan ölkələr arasında dəqiq sərhədlərin qoyulmasına nail olmağa çalışmalıdır”, - Q.Hüseynli vurğulayıb.