Riqadan Bakıya uçan "airBaltica" aviaşirkətinə məxsus sərnişin təyyarəsi yarı yoldan geri qayıdıb.
Sərnişinlərin "Report”a verdiyi məlumata görə, Bakı vaxtı ilə 23:15-də Riqa beynəlxalq aeroportundan havaya qalxan təyyarə təqribən 300-400 km uçduqdan sonra 00:30-da geri qayıdıb.
Faktı Riqa beynəlxalq aeroportundan "Report"a təsdiq ediblər.
Məlumata görə, hava gəmisinin mühərrikində problem yaranıb. Geri qayıdan təyyarənin sərnişinləri Riqa beynəlxalq hava limanının gözləmə zalına yerləşdirilib. Onlara isti şal, qida və su verilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a bildirilib ki, "BT732" saylı reysin vaxtı dəyişdirilib. Yeni uçuş cədvəlinə görə, təyyarə Bakı vaxtı ilə səhər saat 5-də havaya qalxacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.