Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 25 ili tamam olur.
AzBaku.info xəbər verir ki, ümumilikdə rayonda olan 6 988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, altı sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, dörd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmış, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.
Ermənilər beş mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.
Erməni təcavüzü zamanı Qubadlı beş il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub.
Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.