Siqaret məsələsi parlamenti “tüstülətdi”

Noyabrın 2-də Milli Məclisdə (MM) plenar iclas zamanı gərginlik yaşanıb.

BakuPress.Az-ın xəbərinə görə, buna tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlara, o cümlədən, teatrla bağlı qanuna dəyişikliklər səbəb olub.

Qanun layihələrini təqdim edən MM-in Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov teatrla bağlı məsələdə siqaretin qadağasına etiraz edib.

O, bunu yaradıcılıq azadlığının məhdudlaşdırılması kimi anlaşıldığını bildirib.

Deputat qeyd edib ki, Hollivudda nümayiş etdirilən filmlərdə hələ də siqaretin çəkilişi qalır.

Komitə sədrinin bu fikirləri spiker Oqtay Əsədov tərəfindən narazılıqla qarşılanıb:

“Sözünüzü kəsmək istəmirdim, amma kəsməli oldum. Üçüncü oxunuşdur. Siz isə elə danışırsınız ki, sanki yeni qanun layihəsi müzakirə olunur. Hollivudun bura nə aidiyyəti var?”.

Spikerin çıxışı öz növbəsində R. Hüseynov tərəfindən etirazla qarşılanıb:

“Sözümü kəsməyin. İmkan verin qanun layihəsini axıracan təqdim edim. Teatr səhnəsində, kinoda Çörçilin, Stalinin, Səməd Vurğunun, Əliağa Vahidin siqaretini necə əlindən alacaqsınız? Bir qanunu qəbul edərkən, bir fəaliyyəti genişləndirərkən, digər fəaliyyəti məhdudlaşdlırmaq olmaz. Bu məsələyə onsuz da gələcəkdə mütləq qayıdılacaq”.

Sonra birinci vitse-spiker Ziyafət Əsgərov komitə sədrinin mövqeyi ilə razılaşmadığını bildirib:

“Onda tələbələrinizə dissertasiya mövzusu verin, yazsınlar görək bunun üstünlüyü nədir? Yəni, siqaretin teatra, yaradıcılığa nə aidiyyəti var? Hollivuddan danışıldı, son 2-3 ildə orada bütün filmlərin 95 faizində siqaretin çəkilişinə qadağan qoyulub”.