“Azərişıq” ASC sədrinin postu hələ də boşdur. Bu quruma de-fakto Baba Rzayev özü nəzarət edir. Amma kimin rəhbər gətiriləcəyi indiyə qədər dəqiqləşməyib
Cahan.info-nun əldə etdiyi məlumata görə, vaxtaşırı B.Rzayev “Azərişıq” ASC-yə baş çəkir.
Hazırda “Azərenerji” ASC prezidenti olmasına baxmayaraq, köhnə iş yerini unutmur. Onun niyyəti hər iki strukturun birləşərək vahid bir mərkəzə çevrilməsidir. Hökumətdə arabir belə müzakirələr gedir.
B.Rzayevin təklifini dəstəkləyənlər də var. Gözlənilir ki, “Azərişıq” ASC“Azərenerji” ASC-nin tərkibində fəaliyyət göstərsin. Halbuki hələlik daha böyük səlahiyyətləri olan istehlakçı qurum satış işini təşkili ilə məşğul olan strukturun tabeliyindədir.
Ancaq struktur islahatı ilə yanaşı bunun əksini təklif edənlər də var. Onlar hesab edirlər ki, hər iki qurum ayrılıqda fəaliyyət göstərməklə şəffaflıq təmin edilə bilər.
B.Rzayevin arzusu vahid struktura nəzarət etmək olsa da, “Azərişıq” ASC sədri postuna göz dikənlər və gözləmə mövqeyində olan məmurlar var.
İddialara görə, “Bakı Metropoliteni” QSC sədri Zaur Hüseynovla Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədri Akim Bədəlov dəridən - qabıqdan çıxırlar. Onlardan hansı “Azərişıq” ASC sədri təyin olunacaqsa, dərhal boş qalan yerinə digəri göndərilə bilər.
Özəlliklə, son aylarda canfəşanlıq etmiş A.Bədəlov ya yeraltın qaranlıq dünyanın - metronun sahibi, ya işıqlı dünyanın - “Azərişıq”ın sədri getməyə istəkliydi.
Amma bu söz-söhbətlər soyudu, gündəmdən çıxdı. Bu gün “Azərişıq” ASC sədri kim olacağını yalnız dövlət rəhbərliyini bilir. Yəni, A.Bədəlovla Z.Hüseynov da kimin təyin olunacağına əmin deyillər.
Cahan.info xəbər verir ki, “Azərenerji” ASC heyətinin yenidən qurulması və “Azərişıq”da bəzi kadrların ora transfer olunması işlərinə başı qarışmış B.Rzayevin boşqalan köhnə postunda səlahiyyətlərini müavini yerinə yetirir.
B.Rzayevin yaxın ətrafına hər iki qurumun birləşdiriləcəyi ilə bağlı bəzi ehtimallar söylədiyi və gözləməyi məsləhət bildiyi xəbər verilir.
Yəni, bu struktur dəyişikliyi nəticəsində bir vahid mərkəz yaradıla və “Azərişıq” satış funksiyasını həyata keçirən bir təşkilat kimi enerji istehsal edən “Azərenerji”nin içində “əridilə” bilər. Akim müəllim “Azərişıq” Səhmdar Cəmiyyəti İdarə Heyədtinin sədri vəzifəsinə iştahlanıb.
Məsələ ilə bağlı mənbə pia.az-a bildirib ki, Akim Bədəlov çoxdan Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “ilgəyini” boynundan çıxarmaq istəyir...
Mənbəmizin iddiasına görə, “Azərişıq” ASC-yə Bakı Metroploteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovun təyinatı da istisna olunmur. Əgər bu təyinat reallaşsa, Akim Bədəlovun Metropolitenə rəis göndərilə biləcəyi vurğulanır.
Musavat.com da yazmışdı ki, agentliyin rəhbəri Akim Bədəlovun cidd-cəhdlə “Azərişıq” rəhbərliyinə hazırlaşdığı bildirilir. Bu hazırlıq barədə Agentlikdə xeyli müzakirələrin aparıldığı qeyd olunur.
Qurumun işçilərindən verilən məlumata görə, agentlikdə yüksək vəzifə tutan bir neçə şəxs təyinatla bağlı xəbəri alandan sonra Akim Bədəlova yaxınlaşmaq uğrunda əməlli-başı mübarizə aparırlar.
Əks təqdirdə ölkənin “alternativ enerji şefi” “Azərişıq” ASC-yə rəhbər təyin edilə bilər. Akim Bədəlovun rəhbərlik etdiyi Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi dövlətin milyardlarla vəsaitini batırıb.
Söhbət Agentlik tərəfindən istehsal edilən panellərin və istifadəyə verilən stansiyaların gözlənilən effekti verməməsindən gedir. Sözügedən layihələrə külli miqdarda dövlət vəsaiti xərclənsə də heç bir səmərəsi yoxdur.
Agentliyin yaradılmasından 9 il keçsə də bu günə kimi ölkədə bircə obyektin belə alternativ enerji ilə təmin olunması faktı qeydə alınmayıb.
Baxmayaraq ki, cənab Bədəlov hesabatlarında guya neçə-neçə məktəb və poliklinikanın alternativ enerji ilə təchiz olunduğunu qeyd edərək gözə kül üfürür.
A.Bədəlovun adının Eldar Mahmudovla hallanması, mərhum dövlət katibi Tofiq İsmayılovun əmlakını qəsb etməsi, bu haqda qızının prezidentə sensasion müraciəti, agentlikdə yol verilən maxinasiyalar, ciddi korrupsiya, mənimsəmələr ölkə rəhbərliyinin masasına dosye şəklində qoyulub.
Hər üç məmurun açıqlamasını dərc etməyə hazırıq.