Prezidentin tapşırığı ilə dayandırılan tikintidə iş yenidən başladı

Gündəmi "Diqlas”dakı yanğın və onun sonuclarının zəbt etdiyi bir çağda Nizami rayon İcra Hakimiyyəti prezidentin göstərişi ilə tikintisi dayandırılan Heydər Əliyev Parkındakı qanunsuz tikinti işlərini davam etdirir.

"Yeni Sabah” xəbər verir ki, bu haqda xəbəri hurriyyet.org yayıb. Xəbərdə bildirilir ki, bir müddət öncə dövlət başçısı Bakıda ağacların kəsilib, yaşıllığın məhv edilib, yerində heç bir normativə, şəhərsalma və tikinti qaydalarına uyğun olmayan tikilən obyektlərin söküləcəyi xəbərdarlığını etmişdi. Bu xəbərdarlıqdan sonra Nizami RİH başçısı Arif Qasımov tikintiyə icazə vermədiklərini açıqlayıb, qanunsuz olduğundan dayandırıldığını demişdi.

Elə o vaxtdan qanunsuz, yöndəmsiz tikinti işləri dayandırılsa da, qanunsuzluğu, yöndəmsizliyi düzəltmək adına sökülməsi gerçəkləşməyib. Heç demə, icra başçıları əlverişli məqam gözləyirmiş. Artıq bir neçə gündür ki, söküntü əvəzinə, tikinti işləri davam etdirilir.

Onu da deyək ki, Nizami rayonunda Heydər Əliyevin adını daşıyan hər iki – Naxçıvanski və Bəhruz Nuriyev küçələrindəki parkların yanında eyni üslubda iki qatı inşa edilən yarımçıq tikili var. Hər iki parkda yaşıllığın məhv edilərək, yerində ayaqyolu tikilməsi faktı "Milli Məclis səviyyəsində ağsaqqal istəyi ilə” gerçəkləşib. Yəqin yenə də Naxçıvanski küçəsinin ağsaqqallarının Bəhruz Nuriyev küçəsində yerləşən Heydər parkının yanında obyekt tikilməsi üçün Milli Məclisə müraciət etmələri "əsasında” qanunsuz tikintilərin davam etdirilməsi bildiriləcək.
Prezidentin tapşırığı ilə dayandırılan tikintidə iş yenidən başladı