r

Həbsdən buraxılan Vidadi Zeynalov evində ziyafət verdi: Nadir Qarayevə xüsusi təşəkkür edib

Martın 15-də həbsdən azad olunan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla bağlı ilginc məlumat yayılıb.


AzToday.az sosial şəbəkələrə istinadən xəbər verir ki, həbsdən çıxan korrupsioner məmur bir müddət evində istirahət etdikdən sonra yaxın dostları ilə birlikdə ziyafət təşkil edib. Həmin ziyafətdə Vidadi Zeynalovun biznes ortaqları olan “Məmmədoğullar” MMC-nin rəhbəri, iş adamı Ramazan Mirzəyev, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Rəfael Mehrəliyev, onun müavini, meriyanın oliqarx məmuru kimi tanınan Vidadi Əliyev və 1 saylı Xəzinadarlıq İdarəsinin rəisi, həm məmur, həm də biznesmen kimi tanınan Nadir Qarayev iştirak ediblər.

Zeynalovlar ailəsinə yaxın olan şəxsin iddiasına görə, Vidadi Zeynalov həbsdə olduğu müddətdə ona və ailəsinə mənəvi və maddi dəstək verən dostlarına, ortaqlarına dərin təşəkkür edərək, onlarla fəxr etdiyini deyib. AzToday.az-a danışan mənbənin sözlərinə görə, sabiq aparat rəhbərinin ona və ailəsinə edilən maddi dəstəyə görə Hacı Ramazanla birlikdə 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevə xüsusi təşəkkürünü çatdırıb. Belə ki, Nadir Qarayevin Vidadi Zeynalova məxsus Xəzər dənizi kənarındakı evini formal olaraq alaraq ailəsinə qaytarması sabiq Aparat rəhbərini təsirləndirib. Vaxtı ilə Nadir Qarayevi MTN-nin cəngindən xilas edən Vidadi Zeynalov dostunun ona qarşı etdiyi bu jestdən çox məmnun qalıb.

AzToday.az-a verilən məlumata görə, Nadir Qarayev məclisdə dostlarına açıq şəkildə deyib ki, onun və sizlərin uzun illərdən bəri gözlədiyi və arzusunda olduğu xoş xəbər yaxın günlərdə eşidiləcək. AzToday.az olaraq bir müddət öncə qeyd etmişdik ki, 1 saylı Xəzinadarlıq İdarəsinin müdiri Nadir Qarayev Maliyyə Nazirliyi yanında yaradılan Dövlət Xəzinadarlıq Agentliyinin rəhbəri vəzifəsinə təyinat almaq istəyir. Nadir Qarayevin agentlik rəhbəri olması məsələsində əsas dəstəkçisinin isə himayədarı və yaxını Maliyyə Nazirinin müavini Azər Bayramov olduğu bildirilir.


Ermənistanda “məxməri inqilab”ın ildönümü yaxınlaşdıqca baş nazir Nikol Paşinyana qarşı tənqidin dozası artır. Özü də bu tənqid təkcə siyasi rəqiblərdən gəlmir. İnqilabçı cameəni təmsil eləmiş ekspert və siyasilər tərəfindən də səslənir. Çünki artıq vədlər vermək zamanı ötüb və nəticələrdən danışmaq vaxtı yetişir. Nəticələr isə inqilabçı xalqın gözlədiyinin əksinə, neqativ işarəlidir. Ölkədə bu müddətdə nə işsizlik və yoxsulluq azalıb, nə də kütləvi köç səngiyib.

“Yeni hökumət Ermənistan yerli, xüsusən də xarici investorlar üçün cəlbedici edəcək ideya və layihələr təqdim edə bilmir”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə 1 in.am portalında erməni siyasi şərhçi Qarnik Gevorkyanın məqaləsində deyilir.

“Belə çıxır ki, biz baş nazirin düşüncəsi ilə onun komandasının imkanlarının üst-üstə düşmədiyi situasiya ilə üz-üzəyik. Aydındır ki, bu fərq aradan qalxmayınca ölkədə hər hansı ciddi dəyişikliyə nal olmaq mümkün olmayacaq, o ki ola ”iqtisadi inqilab"a. Odur ki, Nikol Paşinyan indi çətin dilemma qarşısındadır: ya o, özünün ambisiyalarından və “iqtisadi inqilab” kimi hədəflərindən vaz keçməlidir, ya da komandasını öz məqsədlərinin tələb elədiyi standartlar səviyyəsinə qaldırmalıdır", - deyə müəllif xəbərdarlıq edib.

Ancaq Ermənistanın ən böyük problemi heç də hakim komandaya və ya iqtidarda kimin olmasına bağlı deyil. Ölkənin düşdüyü blokada vəziyyətinin yaratdığı obyektiv reallıqlar və sərt məhdudiyyətlərlə ilgilidir. Söhbət ən əvvəl həlli uzanan Qarabağ konfliktindən gedir.

*****

Bu arada nüfuzlu “The Washington Times” qəzetində Ermənistanda “məxməri inqilab”dan sonrakı durum, yeni baş nazir Paşinyanın qeyri-ardıcıl siyasəti və ölkənin davam edən ağır siyasi və iqtisadi vəziyyətini təhlil edən məqalə yer alıb (AzərTAc). Məqalədə əvvəlcə özünü islahatçı və demokrat adlandıran Paşinyanın hakimiyyəti ələ keçirməsinin ildönümünün yaxınlaşdığı bildirilir.

Müəllif xatırladır ki, Avropa ölkələri, Ermənistanın ABŞ Konqresində olan qatı tərəfdarları inqilabdan sonra N.Paşinyanı tərifləməyə başlayıblar. Bununla belə, o, əlavə edir ki, Ağ Ev və Dövlət Departamenti prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun yaxınlarda həyata keçirdiyi İrəvan səfərindən sonra Ermənistan hökumətinin yeni rəhbərinə kifayət qədər skeptik yanaşır. Regiona səfər etmiş Boltonun mövqeyini təhlil edən müəllif yazır ki, müşavir Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji cəhətdən əhəmiyyətli region, Azərbaycan və Gürcüstanı ABŞ-ın etibarlı müttəfiqləri hesab etməklə yanaşı, siyasi cəhətdən müstəqil dövlət olmayan Ermənistanın hələ də bu “layiqli kluba” daxil ola bilmədiyi qənaətindədir.

Yazıda daha sonra Boltonun sözlərinə istinadla bildirilir ki, İrəvan üçün müvəffəqiyyətin açarı qondarma və qeyri-qanuni “dövlət” yaratmaq adı altında Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi ilə nəticələnmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. “Çünki bu münaqişənin nizamlanması Ermənistanı transformasiya edə bilər və Paşinyanın da öz inqilabi çıxışlarında vəd etdiyi kimi, onun müstəqillik, müasirlik və tərəqqi yoluna qədəm qoymasına şərait yaradar. Beləliklə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda müharibəyə son qoymalı, eyni zamanda vassal dövlət olmaqdan qurtulmalı və tərəfdaşlığa səy göstərən davranış nümayiş etdirməlidir. Münaqişə Ermənistanın tarixində dərin iz buraxıb və bu ölkənin inkişafdan geri qalmasını, dərin yoxsulluğu, kəskin ”beyin axınını", ən əsası, onun digər dövlətlərdən əsaslı və köklü şəkildə asılılığını gücləndirib" - məqalədə vurğulanır.

Məqalənin sonunda qeyd edilir ki, Ermənistan öz qonşularından nümunə götürə bilər: “Neft və qazla zəngin Azərbaycan və təşəbbüskar Gürcüstan böyük iqtisadi inkişafdan bəhrələnirlər: neft və qaz kəmərləri, limanlar, Şərq-Qərb dəmir yolu, peyklər, turizm, təhsil, müasir səhiyyə, elm və incəsənət, habelə dünya ölkələri arasında layiqli yer bu nailiyyətlərdəndir. Lakin bir ildən sonra Paşinyanın erməni xalqına vəd etdiyi inkişafdan əsər-əlamət yoxdur. Bu ölkənin iqtisadiyyatı hələ də öz əlində deyil”.

*****

Qisası, ABŞ-ın nüfuzlu nəşri Nikol Paşinyan hökumətinə məsləhət görür ki, ölkəsini normal inkişafa qovuşdurmaq üçün ilk növbədə Rusiyanın vassal asılılığından qurtarsın. Vassal asılılığına son qoymaq üçünsə İrəvan Azərbaycana qarşı əsassız torpaq iddiasından əl çəkməlidir.

Bu yerdə ötən ilin oktyabrında Con Boltonun İrəvanda səfərdə olarkən verdiyi bəyanatı yada salmaq lazım gəlir. Bolton bildirmişdi ki, əgər baş nazir Nikol Paşinyan ölkəsinin rifahını, Rusiya asılılığından və blokadadan qurtulmasını istəyirsə, o zaman ilk növbədə öz əsas qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, Qarabağ məsələsində dönüşə nail olmalıdır. Eyni tələb bu ilin yanvarında prezident Donald Trampın N.Paşinyana göndərdiyi təbrik məktubunda yer alıb.

Məsələ ondadır ki, Azərbaycanla müharibə vəziyyəti, həll olunmamış Qarabağ problemi Ermənistana heç qonşu Gürcüstanla da normal münasibətlər qurmağa imkan vermir - geosiyasi səbəblər mane olur. Bu xüsusda maraqlı bir detal.

“Bu günlərdə Nikol Paşinyan gürcü həmkarı ilə sərhəddə görüşüb. O zaman bu görüş barədə açıqlama verilmədi. Görüş təəccüb doğurdu, çünki sözügedən şəxslər bir müddət əvvəl görüşmüşdülər. Bəs NATO Gürcüstanda təlim keçirdiyi günlərdə Gürcüstanın baş nazirini sərhəddə erməni həmkarı ilə görüşməyə nə vadar edirdi?”

Bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində yer alıb. Məqalədə deyilir: “İndi Paşinyan elan edir ki, sərhəddə Ermənistanla Gürcüstan arasında xeyli birgə iqtisadi layihə müzakirə olunub. Əsas da nəqliyyat layihələrini və logistik mərkəzlərin tikintisini gündəmə gətiriblər. Bu arada Paşinyanın Gürcüstanla əməkdaşlığa dair bu cümləsi diqqəti cəlb edir: ”İki ölkə arasındakı əlaqələri geosiyasi təsirlərin kənarında saxlamaq olur, ancaq daha böyük layihələr müzakirə olunarkən geosiyasi təsirlər ön plana çıxır"".

Təhlildə bildirilir ki, Paşinyan “geosiyasi təsirlər” dedikdə böyük ehtimalla, iki ölkəni nəzərdə tutur - Rusiya və Azərbaycan. Müəllifə görə, erməni baş nazir anlayır ki, Ermənistan-Gürcüstan əlaqələrini Rusiyanın təsirlərinə görə inkişaf etdirmək çətindir. Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin olmaması işğalçı ölkənin Gürcüstan üzərindən Rusiya ilə əlaqələrinə mənfi təsir edir: “Azərbaycan amili də var. Gürcüstanın əsas regional layihələri Azərbaycan və Türkiyə ilə bağlıdır. Ermənistan bu durumu dəyişmək gücündə deyil. Deməli, Paşinyanın bu vəziyyətdə məqsədi Rusiya və Azərbaycan təsirlərindən kənarda Gürcüstanla əməkdaşlığı inkişaf etdirməyin yollarını tapmaqdır. Ermənistanla hansı istiqamətlərdə əməkdaşlıq etmək Gürcüstanın daxili işidir. Ancaq Gürcüstanda onu da bilməlidirlər ki, bu əməkdaşlıq Azərbaycanda xoş qarşılanmır. Tiflis Paşinyanın da işarə etdiyi geosiyasi təsirləri nəzərə almalıdır. Bunun üçün isə Bakıdan Tiflisə zaman-zaman mesajlar göndərilməlidir”.

Bakından Tiflisə göndərilən və bundan sonra göndəriləcək mesajlar şübhəsiz ki, həm də İrəvan üçündür. O anlamda ki, işğalçı ölkə bölgədəki böyük inteqrasiya prosesinə və regional layihələrə qoşulmaq istəyirsə, öncə Gürcüstanla yox, Azərbaycanla anlaşmalıdır...
“Yeni Müsavat”