Xalqı prezidentə qarşı qaldıran icra başçıları kimlərdir? – Özəl siyahı

Hakimiyyətin 2016-cı ildə keçirdiyi referendumdan sonra başlanan struktur və kadr islahatları, 33 rayon icra hakimiyyətində dotasiyaların dayandırılması bu siyasətin davamının olacağını deməyə əsas verir.


Reportyor.info-nun siyasət şöbəsinin məlumatına görə, ölkə rəhbərliyinin icra strukturları ilə bağlı reformaları yekunda bu sistemin ləğv edilərək ASAN xidmətə keçəcəyini göstərir.

ASAN xidmət modelinin bütün sahələri əhatə edəcəyi, bir çox səlahiyyətlərin İH-lərindən alınaraq bu sistemə veriləcəyi ilə bağlı proses davam etməkdədir.

Prezident özü də bəyan edib ki, Azərbaycan ASAN xidmət modelinə keçəcək. Həmçinin, zaman-zaman İH-lərinin ləğv olunması, vilayətlərin yaradılması təklif olunub.

Hətta bu layihə siyasi rəhbərliyin masasında olub və hələ ki, gerçəkləşməyib. Əvəzində isə 33 rayon dotasiyadan məhrum edilib və digər bölgələrə də şamil ediləcək.

Buna səbəb hakimiyyətin icra hakimiyyətlərinin fəaliyyətindən çıxardığı dərslərdir. Çünki ötən illər ərzində icra başçıları iqtidarın başını möhkəm ağradıblar.

İstərsə Quba hadisələri, İsmayıllı üsyanı olsun, istərsə sahibkarların incidilməsi, aksiyalar, vətəndaşların mülkiyyətinin qanunsuz sökülməsi, şəhid və məcburi köçkünlərin qapıdan qovulması olsun, hər birində narazılıq iqtidara qarşı yönəlib.

Təkcə bu despot siyasət yox, icra başçılarının sərvətlərə sahiblənməsi, rayonlarda kiçik “padşah”lara çevrilməsi, biznes şəbəkələrini qurması əhalidə ciddi etirazlar doğurub.

Prezident dəfələrlə, sonuncu Qala kəndindəki çıxışında qeyd etmişdi ki, icra başçıları xalqla işləməlidirlər, şikayətlərə baxmalıdırlar. Amma görünən budur ki, İH rəhbərləri oliqarxlaşıblar, hətta onların qohumları rayonlarda “at oynadır”lar.

Dövlət başçısı bir çox bölgələrdə icra başçılarını dəyişib, lakin tam olaraq sistem demontaj olunmalıdır. Yəni, dağıdılaraq yenidən qurulmalıdır. Bu gün prezidentə və mətbuata icra başçılarından yüzlərlə şikayətlər gəlməkdədir, sosial şəbəkələrdə yerli məmurların özbaşınalıqlarına dair foto və video faktlar ictimailəşdirilir. Onlar isə özlərini “dəvədən böyük fil” kimi aparırlar. Bəs, kimlərdir belələri?

Reportyor.info-nun araşdırmaları zamanı o qənaətə gəlindi ki, istər Bakının rayonları, istərsə respublikanın bölgələrində icra başçılarının əksəriyyəti qanunsuzluqlara yol verir, biznesmenə çevrilir.

Bu xüsusda Cəlilabadı viran qoyub Yasamala başçı gələn Əziz Əzizovun, Goranboyun İH rəhbəri Məhərrəm Quliyevi, Lənkəranın icra başçısı Taleh Qaraşovu, Beyləqanın icra hakimi Asif Ağayevi qeyd etmək olar.

Onların adı müxtəlif maxinasiyalarda, abadlıq-quruculuq işləri zamanı yeyintilərdə, vətəndaşları incitməkdə, biznes sahibi olmaqda hallanıb.

Ə.Əzizov, N.Quliyev, T.Qaraşov, A.Ağayevlə yanaşı Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Qazaxın şefi Rəcəb Babaşov, Tərtərin icra başçısı Müstəqim Məmmədov, Bərdənin “kral”ı Vidadi İsayev, Yevlaxın Elmar Vəliyevdən qalan kadrı Qoca Səmədov rəhbərlik etdikləri rayonları çapı-talayıblar, vətəndaşların problemləri ilə maraqlanmırlar, insanlarla görüşmürlər.

V.İsayevin Bərdə restoranları, Q.Səmədovun Yevlaxda obyektləri, A.Məmmədovun Şəmkirdə balıq təsərrüfatı, maralçılıq ferması, obyektləri var. Bu məmurları prezident təyin etməyib ki, özlərinə gün ağlasınlar.

Elə bunun nəticəsidir ki, rayonlarda inkişaf getmir, şikayətlər çoxalır. Eynilə Astaranın icra başçısı Qəzənfər Ağayev, Ağstafanın başçısı Nizaməddin Quliyev, Salyanın icra başçısı Sevindik Hətəmov adı həmişə neqativ hadisələrdə hallanan məmurlardırlar.

Laçının icra başçısı Aqil Nəzərli, Ağsunun icra başçısı Ənvər Seyidəliyev, Biləsuvarın “əbədi” rəhbəri Mahir Quliyev yola salınmalı məmurlardırlar.

Mediada olan şikayətlər, PA-ya gedən məktublardan çıxan statistika göstəri ki, əhali bölgələrdə adıçəkilən İH başçılarından narazıdır.

Hazırda yeni yaradılan və rəhbəri Zahid Oruc olan Sosial Təhqiqatlar Mərkəzi də bu istiqamətdə ciddi araşdırmalar, sorğular aparır, nəticələr prezidentə təqdim olunacaq.

Bundan sonra dövlət başçısı hansı regionlarda “padşah”lar barəsində ölçü götürmək lazım gəldiyinə qərar verəcək.

Paytaxtın Qaradağ rayon icra başçısı Süleyman Mikayılov,İmişlinin icra başçısı Vilyam Hacıyev, Ağcabədi icra başçısı Şahin Məmmədovda narazılıq yaradan məmurlar cərgəsində yer alırlar.

Təkcə işinin öhdəsindən gələ bilməyən icra başçıları deyil, digər dövlət qurumlarının rəhbərləri də tutduqları postu itirə bilərlər.

Artıq yeni tələblərin olduğu bir zamandır və hökumət fəaliyyətində ciddi nöqsanlara yol vermiş məmurların bağışlanmamasında qərarlı görünür.

Ötən ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra komanda daxilində ciddi dəyişikliklər edilib.

Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında imzaladığı sərəncamlarla bir sıra nazirlər, məmurlar iqtidar komandasından kənarda qalıb.

Seçkidən sonra icra başçıları vəzifədən uzaqlaşdırılıb. Görünən odur ki, komandanın çevik fəaliyyətinin güclənməsinə yönəlik proses davam edir.