Kremlin gizli Azərbaycan savaşı: rus qoşunları İranın qulağının dibinə yerləşir?

Bu ilin fevralıdır. İran prezidenti Həsən Ruhani tarixi vərəqləyir. O, “Son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi ölkədən ayrılıb və 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar” deyərək ad çəkməsə də, Azərbaycanı nəzərdə tutur.
Əslində, iranlı prezidentin mesajı Bakıya yox, Moskvaya idi. Ruhani Gülüstan və Türkmənçay müqavilələrinə diqqət çəkir, şimali Azərbaycanın İran torpaqları olduğunu, Rusiyaya verildiyini iddia edir. Amma ona Kremldən cavab gəlmir.
Şimali Azərbaycanda müstəqil dövlət qurulsa da, ölkənin cənubu İranın tabeliyindədir. Lakin sovet ittifaqının dağılmasından sonra müstəqil Azərbaycana müstəqil Rusiyanın təsirləri heç də azalmır.
Necə ki, cənubi Azərbaycan İranın tərkibindədir, şimali Azərbaycanda da Rusiyanın dominantlığı, hakim güc olması sirr deyil.
Sözsüz ki, rəsmi Bakı hər addımını Kremllə məsləhətləşmir, lakin hər addımını atarkən də Rusiyanı nəzərə alır. Bu faktor bizi illərlə geriyə atıb.
Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli açarı bu günə qədər Moskvadadır. Rusiyanın təhsilimizə, mədəni həyatımıza, enerji və iqtisadi siyasətimizə, beynəlxalq layihələrdə iştirak edərkən şimal qonşunu nəzərə almağımıza, ən əsası ölkənin demokratikləşməsinin tormozlanmasına böyük təsirləri olub.
Azərbaycanda seçkilərin keçirilməsində, kadr siyasətinin təşkilində zaman-zaman Rusiyanın pərdəarxasında iştirakı, rolu və diqtəsi olub. Bu, danılmaz faktlardır.
Bu baxımdan yeni Rusiya siyasətində Azərbaycan amili daha çox İrana görə qırmızı xətlə keçir. Moskva və Tehran bəzi geopolitik məsələlərdə (Suriya böhranı, Çinlə əməkdaşlıq, anti-NATO koalisiyası) müttəfiq kimi görünsələr də, onların mehriban düşmən olduqlarını bilməmək sadəlövhlük olardı.
Ruhaninin şimali Azərbaycan torpaqları ilə bağlı çıxışı da məhz Moskvaya ismarış idi. Bu ismarışın cavabı isə bu günlərdə, dolayısı ilə verildi.
Çoxları bəlkə də məsələnin mahiyyətinə varmadılar. Amma söhbət yenə də Azərbaycan torpağında İran - Rusiya münasibətlərinin yeni tarixi səhifəsindən gedirdi.
Anaxeber.info xatırladır ki, deputat Rüfət Quliyevin Lənkəran hava limanını Rusiyaya (başqa dövlətə yox) icarəyə vermək təklifi böyük oyunların çox kiçik bağlanğıcıydı.
Ruhani İrana “aid” torpaqların 205 il qabaq Rusiyaya verildiyini bəyan edirsə, rus həmkarı Putin də rəsmi Tehranın qulağının dibində - Azərbaycan sərhədində öz qoşunlarını yerləşdirmək, Lənkəran aeroportuna nəzarət etmək arzusundadır.
Bu, müasir siyasətdə “mədəni işğal”ın öz içimizdəki ruspərəst, “5-ci kolon” təəssübkeşlərinin əli ilə yürüdülməsi ssenarisi deyilmi?
Rusiya Azərbaycanı 5 rayon qaytarmaqla yola gətirib, Dağlıq Qarabağda da sülhməramlı qoşunlarını əyləşdirmək niyyətindədir. Lakin bu istiqamətdə hələlik heç bir real addımlar olmadığına görə növbəti qarmaq İranla sərhəd bölgələrimizdir.
Tarix fərqli şəkildə təkrarlanır: Kreml bu dəfə də öz hərbi işğalını, kantonunu yerləşdirmək projesini İran üzərindən həyata keçirməyə hazırlaşır. Bu yolla “bir güllə ilə iki dovşan vurmaq” düşünülür - həm şimali Azərbaycana rus qoşunları qayıdır və uzunmüddətli oturur, həm də İranın qulağının dibində ona “göz dağı” verilir, iranlı sərhədçilərin “nəfəsi kəsilir”.
Halbuki, rus qoşunları 1992-ci ildə mərhum Əbülfəz Elçibəy hakimiyyətdə olarkən ölkəmizdən çıxarılıb. 27 il sonra cənub mirvarisi Lənkəranın hava limanını nə türkə, nə almana yox, rusa icarəyə verməyi təklif etmək Moskvanın ürəyindən deməkdir.
Üstəlik, separatizm risqi olan bölgədən söhbət gedir. Bu günlərdə musavat.com Zabil Məhərrəmov, Fəxrəddin Abbaszadə, Əlikram Hümbətov kimi separatçı ideyaları təbliğ edənlərin nələr etdiklərini yazmışdı.
Rusiya illərdir ki, Azərbaycanı Avrasiya İttifaqına sürükləyə bilmir. Rusiya illərdir ki, İlham Əliyevi Gömrük İttifaqına üzv olmağa vadar edə bilmir.
İ.Əliyev xarici və enerji siyasətini Qərblə əməkdaşlığı genişləndirməkdə görür. Diqqət edin, TAP, TANAP, Cənub Qaz Dəhlizi hakimiyyətin Avropa ilə yaxınlaşmaq strategiyasıdır.
Lakin iqtidarın içindəki rusbaşlar, Kremlin soyuq və qanlı divarlarının “ətəyindən yapışan”lar, SSRİ nostalgiyası ilə yaşayanlar qəflət yuxusundan ayılmaq istəmirlər ki, Azərbaycanı təzədən Moskvanın ağuşuna vermək bir xəyanətdir.
Təbii ki, əbədi və güclü qonşu ilə ağıllı, soyuqqanlı siyasət aparmaq, əlaqələri yaxşılaşdırmaq lazımdır. Hətta məktəblərdə rus dili təhsilinin olması da ziyan deyil, hökmran qonşunun dilini bilməliyik.
Sadəcə, Rusiyanın burada hegemonluğunu artırmaq, təsir dairəsini genişləndirmək, Putinin “NATO-su” adlandırılan, perspektivsiz qurumlara üzvlüyə təhrik eləmək, sərhədə rus qoşunlarını yığmaq həmin içəridəki Moskvadan qopa bilməyən qocaların xam xəyallarıdır.
Heç nə təsadüfi deyil, ötən həftənin sonu deputat Qüdrət Həsənquliyev açıqlamasında köhnə qvardiyaya replika atmışdı.
Sitat: “Onlar prezidentin alicənablığından sui-istifadə edib, hətta sağlamlıqları imkan verməsə, bəzilərinin səlahiyyət müddətləri başa çatsa belə, oturublar yerlərində.
Hazırda iqtidarda intriqalardan, qrupbazlıqdan başqa daha heç nəyə yaramayan çoxlu strateji vəzifələri tutan adamlar var.
Belələri siyasi hakimiyyətdə ömürlərini uzatmaq üçün Prezidentə və islahatlara ciddi dəstək verə biləcək adamları prezidentdən incik salmağa çalışır”.
Kəsəsi, Azərbaycana təzə əliheydər qarayevlər, qəzənfər musabəyovlar lazım deyil. Ona görə də deputatların ara-sıra ruspərəstlərin ürəyinə yağ kimi yayılan təklifləri Azərbaycanın milli maraqlarına uyğun deyil.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da eyni mövzuya toxunaraq hesab edir ki, Rusiya 1920-ci ildə olduğu kimi, yenidən Azərbaycanı işğal edir. Onun sözlərinə görə, budəfəki işğalın xarakteri öncəkindən bir qədər fərqlidir:
“Ölkənin müxtəlif regionlarında ruslarla birləşib müstəqil Azərbaycana qarşı üsyanlar təşkil edilmişdi. Bunun biri də "Talış-Muğan Respublikası" ideyasıdır. Həmin vaxt rus orduları Azərbaycan ərazisindən çıxsa da, iki rus polku Lənkəranda qalmışdı.
Məhz həmin iki rus polku oradakı talış qardaşlarımızla birləşib “Talış-Muğan Respublikası” elan etmişdilər və faktiki olaraq demokratik cümhuriyyətə tabe deyildilər. Eyni ideya və işğal müasir dövrdə də aparılır. Lakin bu proses öncəkindən fərqli olaraq tədrici şəkildə həyata keçirilir”.
Onu da unutmaq olmaz ki, ötən ilin avqust ayının 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusuna dair yekun konvensiya imzalandı. Rusiya məhz həmin konvensiya ilə dənizdə hərbi hegemonluq əldə etdi.
Bu müqavilə nəticəsində Rusiya öz hərbi qüvvələrini Azərbaycanın sahil sərhədlərinə 10 kilometrə qədər gətirmək imkanı əldə etdi.
ADP lideri də sual edir: “Rüfət Quliyevdən soruşmaq lazımdır ki, həmin aeroport niyə məhz Rusiyaya icarəyə verilməlidir? Niyə açıq tender elan edilməsini təklif etməyib? Bəlkə hansısa amerikalı, fransız və ya türk tenderi udacaq.
Hesab edirəm ki, Lənkəran aeroportunun birmənalı şəkildə Rusiyaya icarəyə verilməsi ilə bağlı təklif rus qoşunlarının cənub zonasına gətirilməsi deməkdir. Bunu siyasi olaraq məhz bu cür tərcümə etmək lazımdır”.
Həsən Mirzə, xüsusi olaraq Anaxeber.info üçün...