2017-ci ilin yanvarından Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində Vüsal Nəsirli işləyir.
Struktur islahatına qədər, yəni 2015-2016-cı illərdə Lənkəran Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifələrində çalışıb.
1982-ci il təvəllüdlü gənc rəis bu müddət ərzində Lənkəranın mədəniyyət abidələrinin qorunması, kitabxanaların, kənd klublarının, mədəniyyət ocaqlarının saxlanması istiqamətində heç bir işlər həyata keçirməyib.
Reportyor.info xəbər verir ki, elə bu ilin qışında Lənkəranın simvolu olan qədim tarixi abidə – Dairəvi qalanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı barədə həyəcan təbili çalındı. Amma V.Nəsirlidən səs çıxmadı.
1747-86-cı ildə inşa olunan və Azərbaycanın tarixi və mədəni abidələrin reyestrində yerli əhəmiyyətli abidə kimi qeydə alınan qalaya bitişik çoxmərtəbəli bina tikildiyindən əsrlərin yadigarının damı artıq tamamilə çöküb. Bu cür davam eləsə, yaxın vaxtlarda qədim tikilidən heç nə qalmayacaq.
Bu da azmış kimi, Lənkəranda Nizami Gəncəvinin adını daşıyan dövlət tərəfindən mühafizəyə götürülmüş tarixi memarlıq abidəsökülüb, kinoteatr buldozer qabağına verilib.
“Nizami adına kinoteatr”ın binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülüb. V.Nəsirli yenə də susqunluq nümayiş etdirib.
Bunun səbəblərini görünür ki, özü yaxşı bilir və mədəniyyət idarəsinin rəisi kimi mərkəzdəki abidələri qoruya bilməyən məmur kəndlərdə kitabxanalara, kənd klublarına necə sahib çıxsın?!
Lənkəranda ilk kinoteatr 1926-cı ildə fəaliyyətə başlayıb. İlk səssiz kino film də “Spartak” adlanan həmin kinoteatrda 1927-ci ildə nümayiş etdirilib. Amma bu mədəniyyət ocaqları məhv edilib.
Eləcə də H.Əliyev prospektində, “Kiçik bazar” məhəlləsi ərazisindəki qədim hamam baxımsızlıqdan dağılıb gedib.
Əsrimizin əvəllərində tikilmiş dörd hamamdan biri оlmuş Məşədi Abbas hamamı, eləcə də Hacı Qurban,Usta Qafar və Məşədi Səlim hamamları sökülüb.
Amma idarə rəisi V.Nəsirli Lənkəran mədəniyyətinin bu vəziyyətə düşməsində nəinki rəhbər şəxs, heç yerli adam kimi də narahatlıq keçirmir.
Lənkəran kimi cənub zonasının mirvarisi sayılan, “Xan Lənkəran” adlanan, hər zaman ziyalıları, tarixi, mədəniyyəti ilə sayılıb-seçilən bir bölgənin baxımsız qalması ürəkağrıdıcı mənzərədir.
Bu bölgənin turizm potensialını nəzərə alsaq, xarici turistlərin səfər etdiyini hesablasaq, əslində V.Nəsirli mədəniyyət ocaqlarını bərpa etdirməli, dövlətin ayırdığı vəsaitləri şəffaf xərcləməliydi.
Çünki turist Lənkərana gələndə onun tarixi, abidəsi, mədəniyyəti ilə tanış ola bilsin. Təkcə dəniz və kənarındakı restoranlarla şəhər tanınmaz, dünyanın hər yerində kurort bölgələri həm də tarixi ilə təbliğ edirlər.
Təssüf ki, Lənkəran mədəniyyətinin hamamları, abidələri vandal laqeydliyin qurbanı olub, ona soyuq münasibət göstərilir, üstəlik regional idarə rəisi yerli adamdır və daha çox canyananlıq etməliydi. Ümumiyyətlə, bu idarəyə ayrılan vəsaitlər, görülən işlər barədə heç bir məlumat yoxdur,
Lənkəranın kənd kitabxanaları tövləyə çevrilib, mədəniyyət ocaqları dağılıb-gedib. Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin binası, C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin binası köhnədir, restavrasiya olunmayıb.
Regional idarənin tabeliyindəki bölgələrdə də oxşar vəziyyətdir. İdarənin rəsmi saytındakı sənədlər bölümündə 2012-ci ildən bəri yenilənmə olmayıb, heç bir maliyyə hesabatı, görülən işlər haqda informasiyaya rast gəlinmir. Yalnız o məlumdur ki, iyunun 20-də müşavirə keçirilib. Əlavə heç bir məlumat verilmir.
Əslində, Lənkəranda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, şəhərdə Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, Xan Evi kimi abidələr var. Bəlləbur qalasının xarabalarını da qeyd etmək lazımdır. Bu qalanın Babək Xürrəminin yerləşdiyi qala olduğu söylənir.
Belə bir bölgənin tarixinə, mədəniyyətinə xüsusi diqqət lazımdır və ümidvarıq ki, hörmətli V.Nəsirli real addımlar atacaq. Onun mövqeyini dərc etməyə hazırıq.