BU GÜN AZƏRBAYCAN MİLLİ MƏTBUATININ YARANMASINDAN 144 İL ÖTÜR

22 iyul keşməkeşli, ağrı-acılı, lakin şərəfli yol keçmiş Azərbaycan milli mətbuatının yaranma günüdür. Bu gün Azərbaycan milli mətbuatının 144 yaşı tamam olur
.

Böyük mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatı müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalıb, amma milli dilin yaşaması naminə hər çətinliyə dözüb və tutduğu şərəfli yoldan dönməyib.

“Heç olmaz ki, doğru söz yerdə qalsın”, - deyən Həsən bəy Zərdabi Azərbaycan insanının zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni araya-ərsəyə gətirib.[s][/s]
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub.

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi” millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.

Sonrakı illərdə görkəmli ziyalılar - Məhəmməd ağa Şahtaxtinskilər, Cəlal və Səid Ünsizadələr, Seyid Əzim Şirvanilər, Nəcəf bəy Vəzirovlar, Mirzə Cəlillər, Sabirlər, Əli bəy Hüseynzadələr, Әһmәd bәy Ağaoğlular tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirib.

Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün, inkişaf mərhələsinin təməlini qoyan isə məhz mərhum dövlət başçısı Heydər Əliyevdir. Azərbaycan mətbuatının yeni inkişaf dövrü və mərhələsi birmənalı və mübaliğəsiz olaraq Ulu Öndərin adı ilə bağlıdır.

Heydər Əliyev istər 70-80-ci illərdə, hələ sovetlər dönəmində, hakimiyyətinin birinci mərhələsində, istərsə də 1993-cü ilin iyunundan - ikinci dəfə hakimiyyətə qayıdışından və ondan sonrakı dönəmdə (1993-2003-cü illər) hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

Məhz onun qətiyyəti, siyasi iradəsi və mətbuata olan sonsuz rəğbəti, güvəni sayəsində 1990-1998-ci illər arasında fasilələrlə davam edən və medianın başı üzərindəki hərbi və siyasi senzura 1998-ci ilin prezident seçkiləri ərəfəsində - 6 avqust tarixində aradan qaldırılıb.

Həmçinin müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi” haqqında fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub.

Ondan bir il öncə, yəni 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən mərhum Prezident mətbuatın problemlərini müzakirə edib. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapıb, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edilib, onlara kreditlər, maliyyə yardımları ayrılıb.

Mərhum dövlət başçısının mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirilib. Belə ki, Heydər Əliyev 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Heydər Əliyevin müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti bu gün onun hər sahədə layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır.

Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.

Hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənəli şəkildə keçirilməsi artıq ənənəyə çevirib. Ölkə Prezidenti milli mətbuatın yubileyi ilə bağlı ilk sərəncamı 2005-ci il iyunun 20-də imzalayıb ki, bununla da mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olunub, çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edilib, fəxri adlara, Prezident təqaüdünə layiq görülüb.

Onun imzaladığı növbəti sərəncamla 2010-cu ildə milli mətbuatımızın 135 illiyi də böyük təntənə ilə qeyd olunub. Bu dəfə də mətbuat nümayəndələri fəxri adlara və mükafatlara layiq görülüblər, kütləvi informasiya vasitələrinə maddi yardım ayrılıb.

Mətbuat Şurası üçün yeni binanın ayrılması, onun müasir avadanlıqla təmin edilməsi, Prezident İlham Əliyevin binanın açılışında iştirakı, jurnalistlər qarşısında çıxışı bir daha bu həqiqəti təsdiq edir ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir.

Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamı isə tarixdə analoqu olmayan bir addımdır. Çünki bu sərəncam jurnalistlərə yeni əhvali-ruhiyyə gətirib, böyük rəğbətlə qarşılanıb.

Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirilib.

Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

2013-cü il iyulun 22-də dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa edilən ikinci binanın təməlqoyma mərasimində iştirak edib. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı həmin il noyabrın 24-də ikinci dəfə “Jurnalistlərin dostu” seçilib.

2015-ci il iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda və respublikamızın bölgələrində milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçirilib.

2016-cı il iyulun 21-də isə dövlət başçısı ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb.

Prezident İlham Əliyevin həmin gün imzaladığı digər sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrılıb.

2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib, dövlət başçısı, həmçinin üçüncü binanın təməlini qoyub.

Həmin gün Azərbaycan Prezidentinin sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan beş milyon manat ayrılıb. 255 mənzillik üçüncü binanın da ən geci 2020-ci ilin yayında - Milli Mətbuat Günü ərəfəsində başa çatdırılması, mənzilə ehtiyacı olan media mənsublarına paylanılması nəzərdə tutulub.

Hazırda da binada tikinti işləri sürətlə davam edir. Yenə 2017-ci ildə dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılıb. Bütün bunların nəticəsidir ki, dövlət başçısı 2017-ci ildə də “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Dövlət başçısının mətbuata qayğısının daha bir təzahürü bu il iyulun 16-da Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalamasıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin, ilk növbədə, Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bir sözlə, azad media, onun inkişafı hər şeydən öncə Azərbaycan dövləti və dövlət rəhbərinin marağında və diqqətindədir.
AzBaku.org kollektivi olaraq, bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!