Sumqayıt Şəhər Məhkəməsində Hacızadə Malik Atamalı oğlunun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası üzrə proses keçirilib.
Oxu.Az xəbər verir ki, iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 72 saylı evin 68 saylı mənzilinə əsassız olaraq hesablanmış 1116,49 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Şikayətçi tələbini onunla əsaslandırıb ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 72 saylı evin 68 saylı mənzili onun mülkiyyətindədir. Qeyd olunan ünvana 2002-ci ildə kod açılıb və yeddi nəfər ailə tərkibinə görə hesabat aparılıb. Halbuki həmin mənzildə yaşayış olmayıb. O, ailə üzvləri ilə birlikdə xarici ölkədə yaşayır.
Məhkəmə buna görə iddianı təmin edib və “Azərsu” tərəfindən yazılan borc əsassız hesab olunub.
Qərardan narazı qalan “Azərsu” ASC apellyasiya şikayəti versə də, təmin olunmayıb.