Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, Mətanət Əsgərqızı tərəfindən
MÜRACİƏT
Hörmətli cənab Prezident,
Sizin son dövrlər keçirdiyiniz böyük islahatlar hər bir vətəndaşın ürəyincədir.
2017-ci ildə mən Sizə mətbuat vasitəsi ilə daha bir müraciət ünvanlamışdım.
Yazının başlığı belə idi: “Cənab Prezident , bilirsinizmi xalqımız necə yaşayır?” Həmin yazıda bu gün sizin tapşırığınız və iradəniz sayəsində bir-bir aradan qaldırılan neqativ məsələlərdən, xalqımızın yaşayışından bəhs etmişdim. O yazı minlərlə insan tərəfindən alqışlandı. Çünki reallığı əks etdirirdi. Amma sonra müəyyən məmurlar tərəfindən təpkilər gördüm. Sanki Sizə müraciət edərək faktları açıqlamaqla cinayət etmişdim. Nəticədə Sizi aldatmağa çalışan müəyyən qüvvələr tərəfindən sıxışdırılmağa başladım. Beləliklə 33 illik jurnalist fəaliyyətimdə manelər yaradıldı, çörəklə imtahana çəkildim. Düşünürəm ki, danışmaq lazım olanda susan insanlar heç də vətənə, dövlətə və Sizə sədaqətli deyillər. Cəmiyyətdə neqativ məsələlər baş verdiyi halda hər şey ört-basdır edilir, yalan məlumatlar ötürülür və beləliklə sizi aldadırlar.
İllərlə deyirdik ki, ölkədə işsizlik faizi yüksəkdir, insanların yaşayış səviyyəsi çox aşağıdır. Bizə düşmən kimi baxırdılar. Axı zamanında belə məsələlərin qarşısı alınsa, insanların güzəranı yaxşılaşdırılsa,vətəndaşlar dövlətdən narazı qalmazdı. Sonda da məmurların yarıtmaz fəaliyyətini təyin etdiyiniz şəxslərdi deyib, Sizə qarşı narazı insanlar artmazdı. Əslində pandemiya dövrü çox eybəcərlikləri ortaya qoydu. Siz hər zamankı kimi, çeviklik göstərərək vəziyyəti nəzarətdə saxlaya bildiz. Lakin müşahidələr onu göstərir ki, istədiklərinizi tam olaraq reallaşdırmaq mümkün olmadı. Çünki komandanızda olan məmurların bir çoxu korrupsiyaya bulaşaraq, hərəkətləri ilə istəklərinizi tormozlayır, xalqla Sizin aranıza sipər çəkir. Son dövrlər DTX-nın keçirdiyi korrupsiyaya əməliyyatlar, korrupsiyaya bulaşmış icra başçıları, məmurlar həbs olunsa da, insanları düşündürən odur ki, vəzifəyə təyin olunanlar niyə kef içində yaşamalı, sıradan vətəndaşlar çörək dərdi çəkməlidi.
Ən qorxuducu fakt odur ki, neçə-neçə məmur vəzifəsini itirir, qandallanır digərləri bunlardan nəticə çıxarmırlar. Hər çıxışınızda, hər müşavirədə onlara barmaq silkələyərək necə işləmələrini qeyd edirsiniz.
Sonuncu parlament seçkilərində mən də 94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizəd oldum. Mən Bərdədə insanların necə çətinlikdə yaşadığını, rayonun icra başçısından necə qorxduğunun şahidi oldum. Hər şey onun iradəsinə tabedir. Bərdəlilərdə əminlik var ki, Vidadi İsayevi vəzifəyə Siz təyin etmisiniz, ona heç kim bata bilməz. Onlar bu arqumentləri əsas gətirilər ki, illərdi o başçıdan qalaq-qalaq şikayət ərzələri yazılıb, lakin nəticə olmayıb.
Cənab Prezident! Bu günlərdə sosial şəbəkədə Dövlət Dəmir Yolları QSC-nin rəhbəri Cavid Qurbanovun atası Qəmbər Qurbanovla bağlı yüngül bir irad bildirmişdim, onun artıq çox yaşlı olduğunu qeyd etmişdim. İndi də o fikirdəyəm ki, yaşlı nəsil kənara çəkilməli, digərlərinə şərait yaratmalıdır. Mən eyni məzminli yazını paylaşandan sonra səhifəmdə mənə hədələrin, şantajların, təhdidlərin yazıldığını gördüm. Səhifəmi açmamış mobil telefonuma zəng gəldi. Amia.az xəbər saytının baş redaktoru Nicat Ocaqlı özünü təqdim edərək niyə onun ağsaqqalı, Qəmbər babası və Cavid dayısından yazdığımı soruşdu. Tələb etdi ki, statusu silim. Ona başa saldım ki, statusda heç bir təhqir yoxdur.
Bu ölkənin hər bir vətəndaşı fikrini azad ifadə edə bilər. Daha sonra səhifəmi açdıqda mənim və qızımın ünvanına yazılan təhdidləri, təhqirləri gördüm. İş o yerə çatdı ki, müxtəlif profillərdən mənə hücuma keçmək üçün çağırışlar edildi. Hətta “15 ildir Cavid Qurbanovun çörəyini yeyənlər, hardasınız, niyə vermirsiniz Cavid müəllimin atası ilə bağlı irad bildirən bir qadının cavabını?” tipli statuslar yayıldı. Nicat Ocaqlı statusumun altında bunu da yazırdı: “Kim mənim ağsaqqalıma və Cavid müəllimə dil uzadarsa dilii kəsərəm, əl uzadarsa əlini qıraram…”
Açığı bu adamların təhqir və təhdidindən qorxmadım. Qorxduğum o idi ki, torpağı işğal altında, qadını, qızı, kişisi əsirlikdə və girovluqda olan gənclər bir Azərbaycan qadınını linc etmək yolunu tutur. Lakin torpağının azad olunmasına çağırış etmir.
O gənclər trolluğa sürüklənirlər. Şəxsi söhbətlərdə mənə dəfələrlə bildirildi ki, N.Ocaqlı və Qurbanovları müdafiə edənlər onların adamlarının (konkret olaraq Həbib adlı şəxsin-M.Ə) təşkil etdiyi trol qruplarından məni söyübtəhqir etməyə yönəldilir. Bu, bir cinayətdir!
Cənab Prezident, tükürpədici məsələ həm də o idi ki, illərdi Siz və ailəniz müəyyən qüvvələr tərəfindən təhqir olunursunuz. Bir dəfə də Siz belə qüvvələrə qarşı heç bir addım atmamısınız. Böyüklük göstərmisiniz. Çünki xalqa güvənmisiniz.
İndi necə olur ki, bir sayt rəhbərinin səhifəsində 80 min kəlbəcərlinin bir qadını linc etmək çağırışı var. Bu ölkənin atributu sayılan Sizi müdafiə üçün, 80 min kəlbəcərlini o qüvvələrə qarşı görəsən niyə çağıran yoxdur? Azərbaycan kişisi hər zaman mərd olub. O ailəsini dolandırmağı bacarıb. Bu gün o kişiləri işsiz qoyub, ailə, çörək dərdi çəkməyə məcbur edənlər gələcəkdə bəlkə də nə zamansa özləri üçün istifadə etməyi hədəfləyiblər. Belə çıxır ki, 80 min kəlbəcərli Cavid Qurbanova və atasına borcludur… Görəsən niyə borcludu? Bir məmurun maaşı 2000-3000 civarında olsa belə, o qədər insanın problemlərini həll edə, onların rəğbətini bu yolla qadana bilməz. Hələ atasının Pandemiya ilə bağlı fonda keçirdiyi böyük məbləğdə vəsait və 500 nəfərlik yardım.
Sadaladıqlarımın pul qaynağ haradandır? Niyə insanlar ələbaxım olmalıdır? Sabah onu yedirdən ağası kim olsa bir çağırışa nə tapşırıq verilsə edərlər. Belə təhlükəli məqamlara çox diqqət etmək lazımdır. Çünki bunlar dövlət üçün təhdiddir. Kim çağırış etsə ağ bayraq qaldırmağa hazır olan insanlar, trollar tapılar. Çünki onları yedizdirən var. İnsanların əllərdə alət olmaması üçün torpaqlarını qaytarmaq, onları işlə təmin etmək lazımdır.
Cənab Prezident! Daha bir məsələyə diqqətinizi çəkmək istəyirəm! Hazırda 20-30 manata domen alaraq sayt açıb, bir jurnalist vəsiqəsi düzəldib insanları təhqir, təhdid etmək yolunu tutaraq, jurnalist adını daşımağa layiq olmayan Nicat Ocaqlı kimilər jurnalistikamızdan təmizlənməlidilər. Ümid edirəm ki, bu məsələyə Mətbuat Şurası da münasibət bildirəcək. Belələri cəzalanmalıdır ki, digərlərinə görk olsun. Azərbaycan hüquqi dövlətdir. Hər kəs etdiyi hərəkətə cavabdeh olmalıdır.
Cənab Prezident, mən 33 il yalnız bir təşkilatda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC- də böyük redaktor vəzifəsində çalışmışam. Hərbi-vətənpərvərlik mövzusunda verilişlər hazırlamışam. Azərbaycan Ordusunun inkişafında xidmətlərim olub. Hazırda qeyd etdiyim kimi, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri və təsisçisiyəm. Ölkəm üçün, dövlətim üçün hər bir fədakarlığa hazır olmuşam. Lakin bu gün mənim kimi onlarla insan xidmətinin qarşılığını hələ də almayıblar.
Nə təltiflərdə yada düşmüşük, nə də Sizin tərəfdən bağışlanan evlərdən almışıq. Çünki bizim adımızı Sizə təqdim edən yoxdur. Cəmiyyətdə o zaman insanlar dövlətdən narazı qalır ki, orda sosial ədalətsizlik baş verir. Mən bu gün narazılar sırasındayam. Vətənim və dövlətim üçün etdiklərimdən peşman deyiləm. Amma necə olur, zamanında atanızın portretini ayaqlar altına atan şəxs Milli Məslisdə illərdi deputatdı. 90-92-ci illərdə AzTV-nin ARXİV-indən ulu öndərin unikal kadrlarını silən insanlar dövlətin hər imtiyazından yararlandılar. Bu hallara səssiz qalmayan bizlər kənarda qaldıq. Nəhayət, ümid edirəm ki, bir gün biz də diqqətdə olacağıq.
Sizə və ailənizə dərin hörmətlə,
Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, Mətanət Əsgərqızı