“Məktəblər və universitetlər tədris ilinin sonunadək birmənalı olaraq açılmayacaq”– İlham Əliyev
"Hazırkı vəziyyətdə “bir-biri ilə bağlantısı olan məktəblər” və təhsil proqramı üçün verdiyiniz dəstək çox vacibdir, çünki sizə məlumat vermək istəyirəm ki, məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq".
AzEdu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə keçirilən videokonfransda söyləyib.
Ölkə başçısı hazırda koronavirusla bağlı vəziyyətin nəzarət altında olduğu və bu məsələ ilə bağlı ciddi tədbirlər görüldüyünü qeyd edib:
"Koronavirusla bağlı işlərin gedişini, onun necə olacağını hələ görməliyik. Bu günə qədər vəziyyət nəzarət altındadır. Çox az sayda ölənlər var və ciddi məhdudlaşdırıcı tədbirlər sayəsində yoluxmuş insanların sayı da nisbətən aşağıdır. Lakin hazırda biz dünyanın demək olar ki, bütün ölkələri kimi artıq açılış prosesindəyik".
"Məsafədən təhsil imkanları həqiqətən çox vacibdir. Əgər bizdə bütün məktəblərimizin tam bağlantısı olan sistem olarsa onda bu, çox böyük imkana çevriləcək. Siz dediyiniz kimi, bu halda Azərbaycan aparıcı ölkələrdən biri olacaq", - deyə Prezident İlham Əliyev videokonfrans zamanı sözlərinə əlavə edib.