Karantinə alınan müğənninin prodüseri: “Sərhədi keçəndə Damlanın hərarəti 37,5 göstərdi” - ÖZƏL
Mart ayında el məclisində iştirak etmək üçün prodüseri Şamil İbrahimovla Novruz bayramı günlərində Moskvaya gedən populyar müğənni Damla iki aydan sonra nəhayət ki, Azərbaycana qayıdıb.
Bu barədə Oxu.Az-ın əməkdaşı ilə söhbətində sənətçinin prodüseri Ş.İbrahimov deyib.
O, Damla ilə birgə Azərbaycan vətəndaşlarını ölkəyə gətirən avtobusla Samux sərhəd-keçid məntəqəsinə gəldiklərini, daha sonra isə xüsusi nəqliyyat vasitəsilə Siyəzən rayonunda karantinə alındıqlarını bildirib:
“Ötən gün saat 14:00-15:00 aralarında Rusiya sərhədini keçib, Siyəzən rayonuna gəldik. Hazırda biz “Qalaaltı” İstirahət mərkəzindəyik. Burada karantinə alınmışıq. Mərkəzdə 14-21 gün aralığında qalacağıq. Həkimlərin verəcəyi tibbi arayışdan sonra biz karantindən çıxıb, paytaxta geri dönəcəyik”.
Şamil Damlanın səhhətində problemlər yarandığını da söyləyib:
“Sərhədi keçəndə Damlanın hərarəti yüksəlib 37,5 göstərdi. Ona görə narahatlıq keçirdik. Həkimlər Damlanın hərarətinin yüksəlməsini keçirdiyi narahatlıq və stress səbəbindən irəli gəldiyini bildirdilər. Hazırda isə onun vəziyyəti normaldır, özünü yaxşı hiss edir”.