Müğənni Dəniz şikayət etdi, baş həkim həbs edildi


Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib.

Tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində dünən Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.
Hadisə ilə bağlı açıqlama verən müğənni Dəniz Əsədova Rauf İsfəndiyarovun yarım milyon manatdan artıq pulu 2017-2018-ci illərdə ondan aldığını deyib: “Mənim şəxsi məsələm var idi, Rauf İsfəndiyarov həmin işi həll etmək adı ilə məndən 627 min manat pul almışdı. Lakin verdiyi vədə əməl etmədi, pulları da öz şəxsi ehtiyaclarına xərcləyib. Bu ilin yanvarında polisə şikayət edəndən sonra araşdırma müddətində vurduğu zərərin 100 min manatını polisdə mənə qaytardı. Lakin yerdə qalan 527 min manatı ödəməkdən imtina etdi. Rauf İsfəndiyarov qalan pulun üçdə birini verərək barışıq əldə etmək və şikayətimi geri götürməyimi istəyirdi, lakin bununla razılaşmadım və onun barəsində cinayət işi açıldı”.

Rauf İsfəndiyarov daha əvvəl Laçın Rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Qeyd edək ki, bununla yanaşı müğənni Dəniz Əsədova Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımova və daha bir neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib. qafqazinfo