Azərbaycanda vərəm kütləvi hal alıb? - Nazirlikdən AÇIQLAMA


Xəbər verdiyimiz kimi, pulmonoloq Həsən Həsənzadə ölkəmizdə vərəm xəstəliyi ilə bağlı vəziyyətin ciddi, təhlükəli hal alması barədə paylaşım etmişdi.
Məsələ ilə bağlı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan bildirilib ki, vərəm xəstəliyini xüsusi müayinə üsullarına əsaslanaraq, yalnız həkim ftiziatr tərəfindən diaqnozu təsdiq olunmalıdır: 
"Bu da yalnız ixtisaslandırılmış Vərəm müəssisələrində mümkündür.
Vərəm mikobakteyalarının (vərəm xəstəliyin törədicisi) aşkarı xüsusi vərəm laboratoriyalarında, dünyada və ölkəmizdə qəbul olunmuş, icra olunan, ÜST-nin tövsiyələrinə əsaslanan müayinələrin nəticəsində təsdiqlənir.
Bu laboratoriyalar və xüsusi müayinələr səviyyəsinə əsaslanaraq Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutununda və vərəm əleyhinə müəssisələrdə aparılır.
Klinik protokollara uyğun olaraq ilkin səhiyyədə çalışan həkimlər, ixtisaslı mütəxəssislər, özəl klinikalarda işləyən hansısa bir mütəxəssislər pasiyentində vərəm diaqnozuna şübhələnərsə, təsdiqi üçün ixtisaslaşdırılmış vərəm müəssisələrinə yönəltməlidir. Səhiyyə Nazirliyi və İcbarı Tibbi Sığora Agentliyi tərəfindən Milli Vərəm Proqramı çərçivəsində vərəm xəstəliyinin aşkarlanması, müalicəsi və profilaktikası tam şəkildə aparılır və ölkədə yaşayan istənilən vətəndaş üçün əlçatandır. Vərəm xəstəliyi tam əminliklə aşkarlanan halda Respublika Gigiyena və Epidemiologiya mərkəzlərinə xəbərdarlıq göndərilir və xəstə qeydiyyata düşür. Bundan sonra həkim ftiziatr xəstənin Kliniki protokollara uyğun olaraq, müalicəyə başlanılır və tam həkim nəzarəti altında müalicə davam etdirilir.
Vərəm xəstəliyinin qarşısının alınmasının vacib aspektlerindən birincisi xəstəliyin profilaktikasıdır. İlkin addım kontaktları, yoluxmuş şəxsləri, risk qruplarının vaxtında aşkarlanması və İlkin Səhiyyə xidməti  ilə kolloborativ əməkdaşlıq, hətta özəl xəstəxanaların həkimləri bu işdə diqqətli olmalıdırlar.
Məqsədimiz əhalinin düzgün maarifləndirilməsi, doğru ünvana yönləndirlməsi, düzgün müayinə, diaqnostika və müalicəsdir. Vətəndaşları sosial şəbəkələrdə yayılan yanlış məlumatlara yox, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırırıq".
İnstitutdan verilən məlumata görə, 2022-ci il üzrə ölkədə cəmi 5320 vərəm xəstəsi qeydiyyata alınıb:
"Onlardan 2939 nəfəri həyatında ilk dəfə vərəmlə xəstələnən, 2381 xəstə təkrar olaraq qeydiyyata alınıb".