"Təhsil sistemindəki hər bir narazılığın günahkarı Elm və Təhsil Nazirliyidir" - Kamran Əsədov

"Təhsil sistemindəki hər bir narazılığın günahkarı Elm və Təhsil Nazirliyidir" - Kamran Əsədov


Son zamanlar məktəblərdə direktorlar əleyhinə müxtəlif aksiyalar keçirilir. Bəzən yeni təyin edilən direktorlar məktəbin pedoqoji heyəti və valideynlər tərfindən qəbul edilmir.

Elə bir müddət əvvəl Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə də belə bir hadisə yaşandı. Məktəbin müəllim və valideynləri fevralın 17-də yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsi tələbi ilə aksiya keçirdilər. Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.

Bundan az keçmədi ki, paytaxtın 49 nömrəli “İntellekt” məktəb-liseyinin müəllimlərin valideynlərdən vəsait tələb edilməsinədair səs yazıları yayılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra məktəbin direktoru Təhminə Əsədovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verildi. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini isə işdən çıxarıldı.

Orta məktəblərdə direktor təyinatlarındakı nöqsanlar istər sosial şəbəkələrdə, istərsə də cəmiyyətdə tanınmış siyasi-ictimai xadimlər tərəfindən tənqid edilir.

Məsələ ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, əslində, təhsil sistemində baş verən hər bir narazılığın səbəbkarı, günahkarı Elm və Təhsil Nazirliyidir.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin təhsilə münasibəti, yanaşması necədirsə, cəmiyyətin də elədir:

"Bu gün təhsilə aidiyyəti olmayan şəxsləri vəzifəyə gətirirb səlahiyyətlər verirlər və yekunda ictimai nüfuz aşağı düşür. Bu gün məktəblərə nəzarət yoxdur. Formal xarakterli görüşlər keçirib, şəkil çəkdirməkdən başqa təhsil fəaliyyəti də yoxdur. Bu baş verənlər, təbii ki, dəhşətli haldır. Təsəvvür edin, bizim 4432 orta ümumtəhsil məktəbimizdə 1.6 milyon şagird oxuyur. Bu, ölkə əhalisinin təxminən 20 faizinin birbaşa orta məktəblərdə təhsil prosesində olmağı deməkdir. Bu gün vatsap vasitəsilə direktorlar, direktor müavinləri, sinif rəhbərləri heç kimdən qorxmadan bu və ya digər məqsədlər üçün pul yığırlar, qanunsuz əməllərini həyata keçirirlər. Kimə arxayındırlar? Direktorlar, direktor müavinləri bu qanunsuz əməllərini Elm və Təhsil Nazirliyində onlara havadarlıq edənlərə arxayın olub edirlər. Bilirlər ki, cəzasızlıq var. Təsəvvür edin, məktəb direktoru açıq-aşkar şagirddən rüşvət istəyir, ciddi bir qayda pozuntusu, mən deyərdim cinayət var, amma töhmət verməklə kifayətlənirlər.

Ekspertin fikrincə, töhmət direktora deyil, birbaşa Elm və Təhsil Nazirliyində o sahəni kurasiya edənlərə verilməlidir:

"Görün nə qədər özbaşınalıqdır ki, insanlar rahatlıqla öz qanunsuz əməllərini həyata keçirə bilirlər. Qarşıdan bayramlar gəlir. Təbii ki, baş verənlər təhsilin idarə edilməsinə və təyinatdakı boşluqlardan irəli gəlir. Yəni hal-hazırkı direktor vəzifəsinə təyinatlar artıq köhnəlib. Dövrün tələblərinə cavab vermir, qaydalar dəyişməlidir. Məktəblərdə hesabatlılıq olmalıdır. Nəticə önəmli olmalıdır, məsuliyyət olmalıdır. Siz axırıncı dəfə nə vaxtsa Elm və Təhsil Nazirliyinin gedib məktəbləri yoxladığını görmüsünüzmü? Xeyr, yalandan gedib iki dənə selfi edib, şəkil çəkdirib gəlirlər. Çünki heç kim qorxmur. Biz məktəbdə olanda deyirdilər nazirlikdən yoxlama gəlir, hamı özünə çəki, düzən verərdi. Gəlib bizdən soruşardılar ki, təhsilin keyfiyyəti nədir, sizi nə qane edir? Bu gün heç nə yoxdur, başları ancaq sosial şəbəkələrdə şəkil paylaşmağa qarışıb. Təbii ki, xoşagələn vəziyyət deyil. Artıq dözülməz bir haldır. Yəni müəllimin, məktəbin, təhsil idarəedilməsinin nüfuzu ciddi şəkildə aşağı düşüb. İnsanlar artıq bir şeydən çəkinməlidirlər. Qorxmalıdırlar ki, bu qanunsuz əməllərini həyata keçirməsinlər. Amma çox təəssüf ki, belə bir qorxacaq yerləri yoxdur". (redaktor.az)