“Ölümcül” sanksiyaların təsiri: Rusiya iqtisadiyyatı hələ də “dözür”


“Ölümcül” sanksiyaların təsiri: Rusiya iqtisadiyyatı hələ də “dözür”


Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ikinci ilinə qədəm qoyub. 365 günü geridə qalan müharibə Rusiyaya təkcə hərbi itkilər deyil, iqtisadi zərbələr də vurub. Son bir il ərzində Qərbin tətbiq etdiyi "ölümcül" sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərib, lakin tamamilə çökdürə bilməyib.
 
Qərb institutları 2022-ci ildə Rusiya iqtisadiyyatının 10%-dən çox kiçiləcəyini düşünürdü. Bu, Sovet İttifaqının dağılmasından və 1998-ci ildə yaşanan iqtisadi tənəzzüldən sonra ən böyük kiçilmə hesab olunurdu. Lakin Rusiyanın Statistika Qurumunun ("Rosstat") məlumatına görə, keçən il Rusiya iqtisadiyyatı 2,1% azalıb. Müstəqil təşkilatlar qurumun açıqladığı rəqəmləri şübhə altına alsa da, Rusiya iqtisadiyyatının proqnozlaşdırılandan daha zəif azaldığı müşahidə edilir.
 
Rusiya Prezidenti Vladimir Putin siyasi, hərbi və biznes elitası ilə görüşdə ölkə iqtisadiyyatının sanksiyalara tab gətirməsindən qürrələnərək deyib: "Rusiya iqtisadiyyatı və idarəetmə sistemi Qərbin güman etdiyindən qat-qat güclü olduğunu sübut etdi. Onların hesablaması baş tutmadı".
 
Yüksək enerji qiymətləri Rusiyanı iqtisadi cəhətdən təcrid etməyə yönəlmiş sanksiyaların təsirini yumşaltmağa kömək etdi. Kapitala nəzarət edilməsi nəticəsində rubl son 7 ilin ən yüksək səviyyəsinə çatdı. Sanksiyalar tətbiq edildiyi üçün idxal azaldı və büdcə profisiti yarandı.
 
Rusiyanın bir çox ölkə tərəfindən sanksiya tətbiq edilən "baş bankiri" Elvira Nabiullina başda olmaqla Mərkəzi Bank təxminən 300 milyard dollar dəyərində beynəlxalq ehtiyatlara çıxışını itirsə də, ümumi iqtisadi vəziyyəti nisbətən sabiq saxlamağı bacardı. Lakin analitiklər Moskvanın Ukraynada apardığı müharibənin davam etməsi halında Rusiyanın daha ciddi problemlərlə üzləşəcəyini düşünür. 
 
Üstəlik münaqişə başlamazdan əvvəl Rusiya hökuməti keçən il 3% iqtisadi artım proqnozlaşdırmışdı. Rusiyanın iqtisadiyyatının kiçilməsini hesablayan zaman bu amili də nəzərə almaq lazımdır. Bir sıra iqtisadçılar Rusiya iqtisadiyyatının 2025-ci ilə qədər 2021-ci il həcminə qayıda bilməyəcəyini, ümumi daxilin məhsulun isə yaxın 10 ildə bərpa oluna bilməyəcəyini hesab edir.
 
Ancaq Moskva iqtisadiyyatın can damarı olan neft və qaz ixracatı üçün Asiyada yeni bazarlar tapır və "kölgə iqtisadiyyatı" idxal sxemi vasitəsilə istehlak mallarının tədarükünü davam etdirir. Bununla belə, Moskva postsovet məkanının böyüməsini sürətləndirməyə kömək edən Qərb bazarlarından getdikcə daha çox uzaqlaşır və daxilə qapanır. Belə durumda Putin biznes elitasını Rusiyaya sərmayə qoymağa çağıraraq deyib ki, adi ruslar onların itirdikləri yaxtalara və malikanələrə heç bir rəğbət hiss etmirlər.
 
“Ölkənin müdafiəsi, əlbəttə ki, ən mühüm prioritetdir, lakin bu sahədə strateji vəzifələri həll edərkən keçmişin səhvlərini təkrarlamamalı, öz iqtisadiyyatımızı məhv etməməliyik”, - Putin bildirib. Bu sözlərə baxmayaraq, Rusiya hərbi xərcləri artırır, xəstəxanalara və məktəblərə ayrılan vəsaitin azaldılması son nəticədə mülki iqtisadi infrastrukturun inkişafına mane olur.
 
Artan xərclər və gəlirlərin azalması yanvar ayında 25 milyard dollarlıq büdcə kəsiri yaratdı, cari əməliyyatlar hesabının profisiti isə əvvəlki illə müqayisədə iki dəfədən çox azaldı.
 
Rusiyanın iqtisadi sağlamlığına dair təhlili Putininkindən daha pessimist olan Mərkəzi Bank büdcə kəsirinin genişlənməsinin inflyasiyaya səbəb olduğu barədə xəbərdarlıq edib və faiz dərəcələrini azaltmaqdansa, bu il 7,5%-dən çox artırmaq ehtimalının daha yüksək olduğunu bildirib.
 
Ümumilikdə sadə rusların keçən il real gəlirlər 1% azalıb və bu, rusları daha çox qənaət etməyə və daha az xərcləməyə sövq edib. Nəticədə pərakəndə satışlar 6,7% azalıb.
 
Ekspertlər deyir ki, rusların qənaət etməyə daha çox meylli olması iqtisadi qeyri-müəyyənliyin əlamətidir. Lakin görünən odur ki, Rusiya hökuməti hələlik sadə insanları sanksiyaların təsirindən uzaq tutmağı bacarıb. Ancaq bu vəziyyət uzun müddət davam edə bilməz...