İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalı hələ də davam etdirilir. "Qaynarinfo" xəbər verir ki, bu sənət 2015-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Lahıcda misgərlik sənətinin banilərindən sayılan Əliyevlər sülaləsi var ki, onlar bu sənətə 1725-ci ildə başlayıblar. Demək olar ki, 19-cu əsrdən başlayaraq Lahıc Azərbaycanda misgərliyin əsas mərkəzinə çevrilib. Lahıcda bu əsrdə külli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanırdı. Buradakı məhsullar həm keyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzi şəhərlərində hazırlanan məişət əşyalarından heç də geri qalmayıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib.
Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib: xörək, süfrə, su-ağartı qabları və məişət əşyaları.
Mehman usta da Lahıc qəsəbəsindəndir və artıq 17 ildir ki, bu sənətlə məşğuldur. Bir çox peşə sənətlərinin atadan oğula keçmə ənənəsi misgərlik sənətinə də təsadüf edir.
Mehman usta hazırda Bakının "Kubinka" adlanan ərazisində yaşayır və elə bu ərazidə də öz xırda emalatxanasında illərdir ki bu sənətlə məşğuldur.
"Pul qazanmağa bu sənətlə başlamışam və bununla da davam edirəm" deyən ustanın oğlu da artıq misgərliklə məşğuldur.
Sultana Əhmədbəyli