– Ölkədə media siyasətini həyata keçirən əsas dövlət qurumlarının rəhbərləri uzun illərin durğunluğundan sonra bir neçə ay ərzində dəyişdirilib. Bu, jurnalistikaya, media idarəçiliyinə dair problemlərin cəmiyyətdə müzakirəsinə yenidən təkan verib. Biz həmin məsələlər ətrafında tanınmış Azərbaycan jurnalistləri, təcrübəli mütəxəssislərlə fikir mübadiləsi aparırıq. Məlumdur ki, söz azadlığı və mətbuatın müstəqilliyi jurnalistin öz missiyasını həyata keçirməsi üçün vacib şərtlərdir. Sizcə, ölkədə belə bir şərait yetərincə mövcuddurmu?
-Söz azadlığı və müstəqil mətbuat azad iqtisadiyyatla bağlıdır. KİV-in vəziyyəti bu gün daha çox oxucudan və dinləyicidən yox, onun sahibindən aslıdır. Məsələn, Qərbdə hər kəs KİV-in leqal sahibini tanıyır. Eyni zamanda orada KİV kommersiya layihəsidir. Media ilk növbədə auditoriyadan, “sifarişçi”sindən asılıdır. O sifarişçidən ki, medianın məhsuluna pul verib alır. Ancaq postsovet ölkələrinin əksəriyyətində vəziyyət əksinədir. Burada media məhsuluna pul verən insanlar da azdır. Götürək, televiziya kanallarını. Onlar bu və ya digər formada hakimiyyətdən asılıdırlar, onun biznes sferasına daxildirlər. Söz azadlığına məhdudiyyəti də belə mənzərə yaradır. Odur ki, azad iqtisadiyyatın olmaması söz azadlığının başlıca problemidir.
Problemlər arasında fərdi keyfiyyətləri də sadalamaq olar. Etiraf edək ki, sistemə “əlcək atan” mübariz jurnalistlər çox deyil. Bir zamanlar söz azadlığı uğrunda mübarizə aparanların çoxu siyasi və iqtisadi güclər qarşısında “ağ bayraq” qaldırıb.
Və nəhayət, açıq siyasət subyektlərinin sadəcə, dekor olduğu şəraitdə azad mətbuat formalaşdırmaq çətindir. Mətbuatın vəziyyəti və perspektivi mövcud siyasi rejimin qərarlarından asılıdır.
-Bu gün hakimiyyətlə cəmiyyət arasında açıq dialoqun vacibliyini hər kəs qeyd edir, amma, sizə elə gəlmirmi ki, real dialoqu “virtual siyasət” əvəz edib?
-Azərbaycan cəmiyyəti hakimiyyət strukturunda baş verənlərə xeyli laqeyddir, çünki yaxın keçmişimizlə müqayisədə cəmiyyət toxdur. Düzdür, məvaciblər aşağıdır, amma yenə də, dövlət qulluqçularının maaşları, təqaüdlər vaxtında verilir. Cəmiyyət bu sabitliyi görüb nisbətən arxayınlaşır. Belə vəziyyətdə iqtidar gerçək problemləri açıq müzakirə etməmək imkanı əldə etmiş olur. Məsələn, “Qarabağı niyə qaytarmırıq” mövzusu əvəzinə, biz ordumuzun gücündən, yeni silahların alınmasından danışırıq. Bir sözlə, gündəmə əsas hədəfdən yayındıran mövzular çıxarılır. Hakimiyyətlə cəmiyyət arasında dialoqun əlamətləri ya hakimiyyət öz “komfort zonası”nda gərginlik hiss edəndə, ya da seçki öncəsi ortaya çıxır. Amma bu artıq dialoq yox, kvazidialoqdur, imitasiyadır. Onu da əlavə edim ki, cəmiyyət dialoq şansı qazanarsa, hakimiyyətə çox sərt suallar verəcək. Hakimiyyət o sualları dinləməyə hazırdırmı?!
–Bəs, dialoqun olmadığı şəraitdə jurnalistikanın missiyasını necə görürsünüz?
-Jurnalistikanın vacib missiyası həqiqəti tapıb, cəmiyyətə söyləməkdir. Amma media çoxdandır iqtidardakı bəzi şəxslərə mətbuat katibliyi edir. Mövcud sistem vətəndaş cəmiyyəti institutlarını məhv etmədi, əksinə mənimsədi, özünə işləməyə məcbur etdi.
-Əgər ictimai dialoq üçün gündəmi siz təyin etsəydiniz, müzakirəyə hansı məsələləri çıxardardız?
-İlk növbədə siyasətin şəffaflığı məsələsini, yəni bürokratik əngəllər mövzusunu, məmur özbaşnalığını və əlçatmazlığını. Kim nə deyir-desin, icra hakimiyyətini məhdudlaşdıran bütün institutlar məzmunsuzdur, görüntü xarakteri daşıyır. Ona görə ikinci vacib məsələ məhkəmə sistemidir. Məhkəmə rüşvətxorluğun mənbəyidir. Sadə vətəndaş öz hüquqlarını son instansiya olaraq bizim məhkəmədə qorumaq imkanından məhrumdur. Gündəmin digər vacib məsələsi Qarabağ olmalıdır: bu mövzu da cəmiyyətin istədiyi aspektdən işıqlandırılmır. Yəni Qarabağ məsələsi daim müzakirədədir, amma təbliğat məqsədilə və əsas hədəfdən yayındıran alt-mövzularla.
– Jurnalistləri, əsasən də siyasətdən yazanları çox vaxt qeyri-peşəkarlıqda günahlandırırlar. Keyfiyyətli siyasi jurnalistikanı necə xarakterizə edərdiniz?
– Mən 90-cı illərin əvvəllərini jurnalistikamızın ən keyfiyyətli dövrü hesab edirəm. Bilirsinizmi, niyə? Çünki jurnalistlər hadisələrin önündə gedirdilər, dəyişikliklərdə, islahatlarda maraqlı idilər. Bu gün həmin jurnalistlərin çoxu böyük rəislərdir. Mediada o kəslər üstünlük təşkil edirlər ki, siyasi proseslər onlar üçün qazanc əldə etmək vasitəsidir. Dediklərinə, yazdıqlarına görə məsuliyyət hissi daşımayan bu “profi-marginallar” jurnalistika üçün təhlükə yaradırlar. Həmin kateqoriyaya daxil olan “jurnalist”lərdən siyasi güclər öz intriqalarında alət kimi istifadə edirlər. Mən belələrini Maksim Qorkinin əsərində bükülü gəzən personaja bənzədirəm. Deməli, həmişə əyilən qəhrəman ümid edir ki, vaxt gələcək və o dikələcək. Vaxt yetişəndə isə o əyilməyə vərdiş etdiyindən artıq dikələ bilmir…
Mənim anlayışımda peşəkar jurnalist, ilk növbədə, yaxşı humanitar təhsil almış və ən əsası, faktı şərhdən ayırmağı bacaran jurnalistdir. Sözsüz ki, şərh vermək jurnalistin haqqıdır, amma öncə o faktları verməli, sonra şərhə keçməlidir: bunlar arasında sərhəd aydın olmalıdır.
-Jurnalistikada ekspert rəyi və şərhi xüsusi yer tutur. Xüsusilə siyasi şərhlər verən ekspertlər populyardırlar. Ancaq hər yerdə eyni ekspertlər görünür. Bu “dar çevrə” müəyyən dairələrin lobbizminin nəticəsidir, yoxsa intellektualların azlığı səbəbindəndir?
-Hər iki səbəb həqiqətdir. Bir də, əsl intellektual elita gündəm həvəsində deyil – daha çox elmi jurnallarda dərin təhlillərlə məşğul və kölgədə olmağı sevir. “Dar çevrə”yə gəldikdə isə, bu, siyasi güclərin “fikir fabriki”dir, hətta deyərdim ki, “keyfiyyətsiz təbliğat maşınıdır”. Çünki belələrinin “təhlil” adı altında məşğul olduqları təhlil yox, təbliğatdır. Onları mən ancaq aldıqları sifarişin nə olduğunu bilmək üçün izləyirəm.
-Ölkədə gedən kadr islahatları Azərbaycanın media siyasətində də problemləri gündəmə çıxardı. Kənardan müşahidəçi kimi, milli mətbuatın hansı problemlərini qabartmaq istərdiniz?
– Azərbaycan mediasını indiki duruma salanlardan fərqli olaraq, düşünürəm ki, opponentliklə əməkdaşlıq uzlaşan anlayışlardır. Ruslarda bir deyim var, “опираться можно только на то, что сопротивляется”. Amma Azərbaycanda hakimiyyətə siyasi xidmət göstərən jurnalistikaya yaşıl işıq yandıranlar əslində iqtidara “ayı xidməti” göstərmiş oldular. Siyasi xidmət olan yerdə əməkdaşlıqdan söhbət gedə bilməz. Axı tənqidi fikir daha tez ünvanına çatır və problemin həllinə daha çox təsir edir.
-Sizcə, yaxın vaxtlarda Azərbaycan jurnalistikasını nə gözləyir?
– Uzun illər təbəə düşüncəsi ilə yaşamış insanların əksəriyyəti hələ də bu düşüncənin əsiridir. Belələrinin zövqüylə, tətbiq etdikləri metodlarla jurnalistikanı inkişaf etdirmək olmaz. İndi dövlət belə tiplərdən təmizlənirsə, deməli, keçmişə yox, gələcəyə baxır, deməli, jurnalistikada dəyişikliyə ümid etmək olar. Jurnalist ilk növbədə oxucusunun marağından çıxış etməlidir. Axı təkcə prezidenti və deputatları yox, KİV-i də seçirlər və media ona olan inamı doğrultmalıdır. Hərçənd, Azərbaycan reallığında jurnalist azad olmaq üçün öz nəfsiylə də ciddi mübarizə aparmalıdır.
– Bəs tənqidə münasibətiniz necədir? Məsələn, özünüzə qarşı yönəlmiş tənqidə?
– Bir qayda olaraq, fikir liderləri tərəfindən ünvanıma müsbət rəylər eşidirəm. Əgər haqqımda yazılan tənqidi yazı sifarişdirsə, doğrusu, mən sifariş yerinə yetirənləri jurnalist hesab etmirəm. Bu, peşə əxlaqsızlığıdır.
– Diaspora ilə əlaqələrinizi, bir müddət Moskva universitetlərindən birində siyasi jurnalistikadan dərs dediyinizi bilirik. Efirlərə dəvət alırsınızmı?
-Televiziyalar mənə münasibətdə hələ gözləmə mövqeyindədirlər. Görünür, mənə ciddi maneələr yaratmağa çalışan səfir Polad Bülbüloğlunun bütün TV-lərə əli çatır. Keçən il Bakıda olanda Real TV-yə dəvət aldım, müsahibə verdim. Müsahibəm bir cümlə belə çıxarılmadan efirə verildi, amma bir sutka sonra müəmmalı şəkildə materialı hətta arxivdən sildilər…
Press Klub