Agentlik: Texniki sudan istifadə edilsə, içməli suya daha çox qənaət edilər
Azərbaycan Su Ehtiyatları Agentliyi “Azərsu” ASC 1 milyon 820 min abonentə xidmət göstərir. Onlardan 96 faizi əhali 4 faizi qeyri-əhali sektorunu əhatə edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyinin nümayəndəsi Cabbar Cabbarlı Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.
Onun sözlərinə görə, ümumi satılan suyun həcminin 78 faizi əhali, 22 faizi qeyri-əhali sektorunun payına düşür.
“22 faizin 14 faizi isə sənaye məqsədi ilə istifadə edilir. Qeyri-əhali suvarmalarında 8, restoran, şadlıq evlərində 4, təhsil müəssisələrində 3, xəstəxanalarda 2 faiz sudan istifadə olunur. Sənaye müəssisələrində sudan soyutma məqsədi ilə istifadə edirlər. Bunun üçün Abşeron yarımadasında texniki sudan istifadə halları mövcud deyil. Texniki sudan istifadə halları olsa içməli suya qənaət daha çox ola bilər. Ən böyük su istehlakçılarından biri SOCAR-ın neft emalı zavodudur ki, ay ərzində 350-400 min kubmetr su alırlar”, - deyə agentlik nümayəndəsi bildirib.
C.Cabbarlının sözlərinə görə, SOCAR texniki su xəttinin əraziyə gətirilməsi layihəsi üzərində çalışır: “Bu reallaşdığı təqdirdə 350-400 min kubmetri qənaət etmiş olarıq”.