DİM ötən il Qarabağda keçirilmiş antiterror tədbirləri haqqında məqalənin yenilənmiş variantını təqdim edib
Dövlət İmtahan Mərkəzi (DİM) “2023-cü il 19-20 sentyabrda Azərbaycan Ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”nə aid yenilənmiş məqaləni Azərbaycan və rus dillərində təqdim edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, mövzunun vacibliyi nəzərə alınaraq, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən “2023-cü il 19-20 sentyabrda Azərbaycan Ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna aid tapşırıqlardan da istifadə ediləcək.
2024-cü il “Abituriyent” jurnalının 2-ci nömrəsində rus bölməsi üçün ədəbiyyat (literatura) fənnindən dərc edilmiş “Metodiçeskiye rekomendasii po proizvedeniyam S. Rustamxanlı i B. Vaqabzade” məqaləsi ilə isə bu link vasitəsilə tanış olmaq mümkündür.
Mərkəz bir daha bildirir ki, hazırda məktəblərin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzular haqqında istifadədə olan dərsliklərdən bilgi almayıblar. Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.