Vətəndaş cəmiyyəti fəalı BMT-ni uşaq hüquqlarını pozan Ermənistana təzyiq göstərməyə çağırıb


“Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri, vətəndaş cəmiyyəti fəalı Pərvanə Vəliyeva Cenevrə şəhərində BMT-nin İnsan hüquqları üzrə 55-ci sessiyası çərçivəsində keçirilən “Silahlı münaqişələr zamanı uşaq hüquqları” adlı plenar sessiyada çıxış edib.
AZƏRTAC xəbər verir ki, Pərvanə Vəliyeva çıxışında beynəlxalq hüquqi sənədlərdə uşaq hüquqlarının müdafiəsi və müharibə dövründə onların təhlükəsizliyinin təmin edilməsi normalarının müəyyən edildiyini vurğulayıb. O bildirib ki, uşaqlar heç bir cinayətin və ya terrorun qurbanı olmamalıdırlar: “Lakin son 30 ildə - Ermənistanın Azərbaycan torpaqlarını işğalı dövründə uşaqların hüquqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulub”.
P. Vəliyeva qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı erməni əsirliyindən azad edilmiş 1480 azərbaycanlı arasında 224 uşaq da var idi: “Erməni əsirliyində qaldıqları müddətdə bir çox zorakılıq hallarına məruz qalmış bu uşaqlar bütün həyatları boyu travma alıblar. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən 71 uşağın taleyi hələ də məlum deyil. 1992-ci il Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən 613 nəfər, o cümlədən 63 uşaq vəhşicəsinə qətlə yetirilib. İnsanlığa qarşı törədilmiş bu cinayət nəticəsində 76 uşaq ağır yaralanıb və valideynlərini itirib”.
Məruzəçi, həmçinin bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 693 məktəb və 855 uşaq bağçası dağıdılıb, minlərlə uşaq məktəbə gedə bilməyib.
Sonda P. Vəliyeva BMT-ni Uşaqların Hüquqlarının qorunması üzrə Konvensiyanın tələblərini pozduğuna görə, habelə Azərbaycan uşaqlarına qarşı törədilmiş 30 illik cinayətə görə təzminat ödənilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.