Araşdırma: Plastikdə 4 mindən çox zərərli kimyəvi maddə var


Alimlər plastik məmulatların tərkibində olan 16 mindən çox kimyəvi maddənin siyahısını tərtib ediblər. Onların 4 mindən çoxu insan sağlamlığı və ətraf mühit üçün təhlükəlidir.
AZƏRTAC İndependent saytına istinadla xəbər verir ki, “PlastChem” hesabatı kimi tanınan araşdırma qlobal plastik çirklənməyə dair BMT müqaviləsi üçün danışıqların növbəti raundu ərəfəsində dərc olunub. Tədqiqatçılar plastiklərin tərkibində əvvəllər məlum olduğundan daha çox kimyəvi maddələrdən – stabilizatorlardan və rəngləndiricilərdən istifadə edildiyini söyləyiblər. Hesabatda qeyd edilən 400-dən çox kimyəvi maddənin qida qablaşdırması üçün istifadə olunan plastik məhsullarda aşkarlandığı bildirilir.
İlkin araşdırmalara görə plastik məmulatlarda istifadə edilən ftalat kimi kimyəvi maddələr reproduktiv sistemi poza və uşaqlarda astma xəstəliyinin yaranmasına səbəb ola bilir. Perfluoroalkil və polifluoroalkil maddələri isə xərçəng riskini və immunitet sistemində problemləri artırır.
Hesabatda, həmçinin plastik sənayesində istifadə edilən 10 mindən çox kimyəvi maddə haqqında məlumatların mövcud olmadığı və 9 mindən çox birləşmədə hansı maddələrdən istifadə edildiyinin bilinmədiyi vurğulanıb. Plastik məmulatların istehsalında minə yaxın kimyəvi maddənin davamlı üzvi çirkləndiricilərə dair Stokholm konvensiyasıda tənzimləndiyi qeyd olunsa da, əlavə olaraq minlərlə maddənin qaydalara uyğun olmadığı bildirilib.
Alimlər plastikdə funksionallıqdan daha çox təhlükəsizlik, davamlılıq və zəruriliyə diqqət yetirilməli olduğunu qeyd ediblər.