Bakıdakı Rus evində “Saçlar qəlbin telləridir” mövzusunda mühazirə təşkil edilib


Bakıdakı Rus evində “Saçlar qəlbin telləridir” mövzusunda leksiya olub. Tədbir Rus evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil edilib.
AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, məruzəçi qismində 20 illik staja malik olan beynəlxalq stilist, yaradıcı saç düzümü üzrə Afinada keçirilmiş müsabiqənin laureatı, “Style & Color Trophy L’Oreal 2019” müsabiqəsinin finalçısı, “The T Place” studiyasının təsisçisi İrina Babayeva çıxış edib.
Mühazirənin gedişində tədbir iştirakçıları saçların strukturu, onların uzanması və baxımı ilə bağlı çoxlu yeni məlumatlar əldə ediblər.
İ.Babayeva müxtəlif mədəniyyətlərdə və dövrlərdə saçların psixoloji əhəmiyyətindən də bəhs edib. Mühazirə saçlara yeni prizmadan baxmağa imkan verib, həmçinin onların təkcə zahiri görkəm elementi deyil, həm də qəlbin təcəssümü olduğunu izah edib.