Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığın əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Həştərxanda Azərbaycan Biznes Mərkəzinin inşa olunduğunu deyən qubernator A. Jilkin bildirib ki, bu biznes mərkəzi vilayətdə logistik qovşağın yaradılmasına xidmət edəcək. A. Jilkin Həştərxanda görülən işlərə verdikləri dəstəyə görə Azərbaycan prezidentinə, Heydər Əliyev Fonduna, Azərbaycanın I vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya xüsusi təşəkkürünü ifadə edib.
Azərbaycanla Rusiya arasında tərəfdaşlıq münasibətlərinin, xüsusən ticari, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi işində Həştərxan vilayətinin rolunu vurğulayan prezident İlham Əliyev bununla bağlı qubernator Aleksandr Jilkinə təşəkkürünü bildirib.
Görüşdə 2018-ci ildə Həştərxan vilayəti tərəfindən Xəzər dənizində səyahət gəmilərinin buraxılması və bunun Xəzər hövzəsi ölkələri arasında turizmin inkişafına töhfə verəcəyi qeyd olunub, Həştərxan vilayəti ilə Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının vilayət vasitəsilə Rusiya bazarlarına çıxarılması sahəsində birgə tədbirlər haqqında danışılıb.
Söhbət zamanı bu gün Bakıda keçiriləcək Həştərxan Biznes Mərkəzinin təməlqoyma mərasiminin önəmi vurğulanıb, turizm, səhiyyə, kənd təsərrüfatı, təhsil, texnologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
(oxu.az)