Fransa səfiri Rusiya XİN-ə çağırılıb


Fransanın Moskvadakı səfiri Pyer Levi bu ölkənin xarici işlər naziri Stefan Sejurnenin Rusiya ilə bağlı açıqlamalarına görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Rusiya diplomatik qurumunun məlumatında deyilir.

Bildirilib ki, Fransanın Avropa və xarici işlər nazirinin rəsmi Parisin Rusiya rəsmiləri ilə danışıqlara maraq göstərməməsi ilə bağlı son açıqlamaları, eləcə də Rusiya tərəfinin bəyanatlarında yalan məlumatlar olduğuna dair iddiaları qəbuledilməzdir:

"Biz Fransa səfirinə bu cür bəyanatların reallıqla heç bir əlaqəsi olmadığını bildirdik. Fransa XİN başçısının bəyanatlarını iki ölkə arasında hər hansı dialoqun mümkünlüyünü pozmağa yönəlmiş rəsmi Parisin şüurlu və düşünülmüş hərəkəti kimi qiymətləndiririk".

Qeyd edək ki, daha əvvəl “France 24” telekanalında çıxış edən S.Sejurne Fransanın indi Rusiya nümayəndələri ilə danışıqlar aparmasının məqsədəuyğun olmadığını söyləyib, o iddia edir ki, Rusiya tərəfinin nəticələrə əsasən yaydığı kommünikelərdə etibarsız məlumatlar var.