Gürcüstanda "xarici agentlər" qanunu və etirazlar - Proses nə yerdədir?
Gürcüstan parlamenti təhlükəsizliyin “sarı səviyyəsi”nin müddətini uzadıb.
Bu, xarici agentlər haqqında qanuna etirazlar fonunda həftənin əvvəlindən qüvvədədir.
Bir gün əvvəl layihə birinci oxunuşda qəbul edilib. Qanunun qəbul edilmiş sayılması üçün ümumilikdə üç oxunuş tələb olunur. Ötən ilin mart ayında da qanun layihəsi birinci oxunuşda qəbul edilmiş, lakin kütləvi etirazlar fonunda hakimiyyət onu gündəmdən çıxarmaq məcburiyyətində qalmışdı.
İkinci iclasda qanun layihəsi maddə-maddə müzakirə olunmalıdır və bu mərhələdə düzəlişlər edilə bilər. Parlamentin bu gün keçiriləcək iclasında gələcək plana aydınlıq gətiriləcək. Aksiya təşkilatçıları mitinqlərin vaxtını tənzimləmək üçün bunu gözləyirlər.
Dünən gecə saat 2-yə qədər davam edən mitinqdə toplaşanlar baş nazirlə görüş tələb ediblər. Gecə 2 nəfər saxlanılıb. Ən ciddi insidentlərdən biri deputat Aleko Elisaşvilinin polis tərəfindən zorla maşına mindirilərək mitinq yerindən naməlum istiqamətə aparılması olub. Deputat toxunulmazlığına görə onu həbs edə bilməyiblər.
Elisaşvili komitə iclasında xarici agentlərlə bağlı layihəni müzakirə edərkən hakim partiyanın liderlərindən birini vuran deputatdır. Bir neçə saat Elisaşvilinin başına nə gəldiyi naməlum qalıb. Yalnız gecə saat 2-də ictimai müdafiəçi deputatın yanında olduğunu açıqlayıb və daha sonra ətraflı məlumat verəcəyinə söz verib.