İlham Əliyev Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. AzBaku.info-nun məlumatına görə, fərmanla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilib. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu” təsdiq edilib. Struktura Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təsərrüfat cəmiyyətləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) və 4. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin filial və nümayəndəlikləri daxildir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik) fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində həll etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Agentlik dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməli, dövlət qeydiyyatına alındığı gündən etibarən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməli, işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində təsdiq etməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.