Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış


BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün bütün qalan ikitərəfli məsələləri həll etməyə çağırır.

Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

Baş katib Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları arasında əldə edilmiş razılaşmanı alqışladığını bildirib:

“Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.