Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
Ermənistan çox təlatümlü bir dövrə qədəm qoyub. Bu elə bir dövrdür ki, bu zamanda söz yox, real iş lazımdır. Əgər bu dövrdə ermənillər reallıqları dərk edib qəbul etsələr, o zaman Ermənistanın bir dövlət kimi tarixdə qalmaq şansı olacaq. Yox, əgər ermənilər yenə də əvvəlki kimi populist danışacaqlarsa o zaman Ermənistanın bir dövlət kimi dünya xəritəsində qalması mümkünsüz olacaq.
Çünki artıq elə bir zaman yetişib ki, xəstə “miatsum”, “dənizdən-dənizə böyük Ermənistan” kimi çağırışlar işə keçmir, “eməni soyqırımı” ermənilərin öz əlinə-ayağına dolaşır.
Təsadüfi deyil ki, Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşü zamanı bildirib ki, artıq erməni xalqı xəyali, real olmayan sərhədlərdən imtina etməlidir:
“Biz xəyali Ermənistandan real Ermənistana keçməliyik. Biz övladlarımızı qoruyacaq, suveren, demokratik və azad bir dövlət qurmalıyıq. Əks halda xəyali Ermənistana görə biz real ölkəmizi də itirə bilərik”.
Etiraf edək ki, Ermənistan cəmiyyəti üçün çox cəsarətli fikirlərdir.
Çünki erməni cəmiyyəti əsrlər boyu xəstə təxayüllü “liderlər”in təsiri altında olub. Şaumyankimilər, Nijdekimilər əsrlər boyu təbliğat-təşviqat aparıblar ki, tarixdə “böyük Ermənistan” olub. Zamanla həmin “superdövlət” yenidən dirçələcək.
Bu iddialar qlobal güclərin idarəetmə institutlarında hazırlanıb ortaya atılmış bir layihədir. Məhz bu layihə hesabına ermənilər qlobal güclərin əlində maşa olublar.
Xəstə ideya Ermənistanı bütün region dövlətləri ilə yanaşı, bəzi Avropa dövlətləri ilə üz-üzə qoyur.
Ona görə də bu gün Azərbaycanla sülh sazişi imzalanmır, Türkiyə ilə sərhədlər açılmır, Gürcüstanla münasibətlər normallaşmır. Hələ Orta Avropa dövlətləri olan Bolqarıstan, Rumıniya və digər dövlətləri demirik. Xəstə təxayüllü ermənilərin məhz adlarını çəkdiyimiz və çəkmədiyimiz bir çox ölkələrə qarşı torpaq iddiası var.
Ən pisi də odur ki, bu iddialar son illərədək dövlət səviyyəsində olub. Nəhayət, bu gün reallıqları dərk edən və qlobal güclərdən əli üzülən Ermənistan hakimiyyəti yeni iddialarla çıxış edir. Paşinyanın tarixi həqiqətə və günün reallığına söykənən son bəyanatı Ermənistanda şok effekti yaradıb. Çünki bəzi ultramillətçilər erməni baş nazirin bu fikirlərindən razı qalmayıblar.
Hələ revanşistləri demirik...
Məhz həmin revanşistlər Paşinyanı bu fikirlərinə görə “milli xəyanətkar” səviyyəsinə qədər aşağılayıblar.
Amma az da olsa erməni cəmiyyətindəki sağlam düşüncəli insanlar öz fikirləri ilə Paşinyanın çağırışına səs verir, xalqı saxta iddialar hesabına xəstə düşdüyü çarpayıdan qaldırmaq istəyir.
Məsələ ilə bağlı erməni politoloq Artur Xaçikyan yazır:
“Erməni xalqı nağılı sevir. Biz ermənilərə bir auditoriya verilməlidir ki, orada yalnız nağıllar danışsınlar. Bizdə belə bir qəribə ehtiras var ki, həqiqətə uyğun olmayan nağıllara çox inanırıq”.
Erməni olmaq keçmişlə yaşamaq deməkdir.
Bəli, bu gün ermənilərin əksəriyyəti keçmişdə, daha doğrusu keçmişdə uydurulmuş nağıllarda ilişib qalıb. Bir çox ermənilər on illər boyu söylənilən nağılların xoş ovqatından ayılmaq istəmir. Amma zaman dayanmır. Keçmişə ilişib qalanlar gələcəyə addımlaya bilmir. Məhz buna görədir ki, bu gün dünya erməniləri Ermənistanın gələcəyi ilə bağlı yaxşı heç nə demirlər. Amma məsələ burasındadır ki, həmin kəslər bu ümidsizliyin günahını Paşinyanda görür.
Amma vəziyyəti obyektiv qiymətləndirən ermənilər də az deyil. Məsələn, politoloq Levon Şirinyan bildirib ki, Ermənistan konstitusiyası modern dövlətçiliyə uyğun olaraq dəyişdirilməlidir:
“Konstitusiyada Qarabağ məsələsini birdəfəlik yığışdırmaq lazımdır. Ümumiyyətlə, biz hansı Qarabağdan danışırıq?! Qarabağ məsələsi artıq bağlanıb. Məgər Qarabağ Ermənistanın olub ki?! Mən soruşmaq istəyirəm, Qarabağ harada yerləşir? Əlbəttə Azərbaycanın tərkib hissəsində…”
Göründüyü kimi siyasətdən az-çox başı çıxan, reallıqları dərk etmək təfəkkürünə malik ermənilər çıxış yolunu sülhdə, barışda görür. Çünki 4 qonşudan 3-nə qarşı ərazi iddiasında olmaq və onlardan da 2-ni düşmən adlandırmaq, ancaq xəstə təxayülün məhsuludur. Sağlam düşüncəli insan özünə dost axtarar, dost qazanar.
Amma ermənilər tarix boyu özlərinə düşmən axtarıblar və həmin “düşmənlərinə” qarşı da qlobal güclər vasitəsilə “mübarizə aparıblar”. Amma artıq heç bir qlobal güc ermənilərə görə nə Azərbaycanla, nə də ki, Türkiyə ilə münasibətini korlamaq istəmir. Ona görə də Ermənistan regionda təklənir. Bu təkliksə Ermənistanı məhvə aparır. Ermənistanı isə məhvdən qlobal güclər yox, sağlam erməni məntiqi qurtara bilər.
Necə ki, Paşinyan Tavuşda olanda soydaşlarına demişdi:
"Azərbaycanla yaxınlıq erməniləri ruhlandırmalıdır. Məqsədimiz, ideyamız ondan ibarətdir ki, “Azərbaycan 50 metr uzaqdadır” kəlməsini həyəcanla demiyək. Deyək ki, yaxşı ki, Azərbaycan 50 metr aralıdadır. Orada (Azərbaycanla sərhəd kəndlər nəzərdə tutulur) ticarətlə məşğul olaq, əlaqələr yaradaq”.
Bizim.Media