Vaşinqton Ermənistan-İran-Hindistan əməkdaşlığını fiaskoya uğradır - ŞƏRH

Vaşinqton Ermənistan-İran-Hindistan əməkdaşlığını fiaskoya uğradır - ŞƏRH


Son günlər dünya mətbuatında İranın Çabahar limanı ilə bağlı xəbərlərin və rəylərin sayında ciddi artım müşahidə edilir. İranın yeganə okean limanı olan Çabahar limanı Hind okeanı və beynəlxalq sulara MDB ölkərinin çıxışı üçün ən qısa tranzit marşrutu sayılır.Hindistan hökuməti isə 13 may tarixində rəsmi Tehranla sözügedən limanın icarəyə verilməsi barədə sənəd imzalayıb. Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Srabanad Sonovalla İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş tərəfindən imzalanan müqavilə limanın idarəedilməsi ilə bağlıdır və razılaşma 10 il sonra yenilənəcək. Limanın idarəçiliyi Hindistanda qalacaq. Bununla da Hindistan hökuməti Rusiya, Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya ilə ticarət əlaqələrini genişləndirmək, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağı planlaşdırır. Sənədə əsasən, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən keçərək limana, oradan da Mumbaya çatdırılacaq. Eyni zamanda əks istiqamətə də yüklərin daşınması planlaşdırılır.

Məsələnin digər tərəfi isə Ermənistanla bağlıdır. Məlumdur ki, bir müddətdir Hindistanla rəsmi İrəvan arasında hərbi sahədə əməkdaşlıq davam edir. Rəsmi Delhi Cənubi Qafqaza silah alverçisi kimi daxil olmaq üçün erməni dövlətindən istifadə edir və müqavilələrin icrası da məhz bu liman vasitəsilə həyata keçirilir. Azərbaycan tərəfi haqlı olaraq bu məsələyə etirazını bildirib. Hətta bir ara xarici mətbuatda yayılan xəbərlərə görə, Rusiya da Hindistandan Ermənistana daşınan silahlarla bağlı İran hökumətinə xəbərdarlıq edib və bu işi dayandırmağı tələb edib.

Eyni zamanda erməni siyasi elitası ümid edir ki, bu layihə vasitəsilə yüklərin Avropaya və MDB ölkələrinə daşınmasında xüsusi paya malik olacaq və Aİİ üzvlüyü sayəsində piroqdan özünə pay götürəcək. Elə bu səbəbdən də Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan bir müddət əvvəl bəyan etmişdi ki, Delhi-İrəvan arasında İrandan keçən ticarət yolu mayın sonuna qədər açılacaq. Təbii ki, söhbət Çabahar limanından gedirdi və tərəflər məsələni razılaşdırmışdılar. Paşinyan hökuməti isə bu xəbəri böyük iqtisadi uğur, çiçəklənməyə gedən yol kimi cəmiyyətə sırımağa da macal tapmışdı.

Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Yuxarıda da qeyd edildiyi kimi, İran və Hindistan arasında 13 may tarixində imzalanan müqavilənin mürəkkəbi qurumamış, rəsmi Vaşinqton hərəkətə keçib. ABŞ Dövlət Departamenti bəyan edib ki, Hindistan və İran arasında Çabahar limanı üçün 10 illik müqavilə imzalandığından xəbərdardırlar: "ABŞ-ın İrana qarşı sanksiyaları qüvvədə qalır və biz onları tətbiq etməyə davam edəcəyik. İranla iş görməyi düşünən hər kəs məruz qaldığı potensial riskdən, eləcə də sanksiyaların potensial riskindən xəbərdar olmalıdır”.

ABŞ Dövlət Departamenti xəbərdarlıq edib ki, İranın Çabahar şəhərindəki Şəhid Beheşti limanını idarə etmək və təchiz etmək üçün tərəfdaşlıq sazişi bağlayan Hindistan şirkəti sanksiyalarla üzləşmək riski ilə üzləşib.

Bu isə artıq 13 may tarixində imzalanan müqaviləni böyük sual altına qoyur. Ehtimal etmək olar ki, Hindistan hökuməti ABŞ kimi dövlətin sanksiyalarına məruz qalma riskini göz önünə ala bilməz. Hərçənd artıq İran mətbuatı rəsmi Delhinin və sözügedən şirkətin belə bir riski görməzdən gələcəyinə işarə edir. Bununla belə, əgər hind şirkəti bu addımı atsa, sanksiya zəncirinin uzanacağını və ABŞ-Hindistan münasibətlərinə xələl gətirəcəyini söyləmək mümkündür. Göründüyü kimi, Ağ Ev limanın belə bir fəaliyyətini mümkünsüz etmək üçün bütün yollara əl ata bilər.

Belə bir halın yaranması isə ilk növbədə Ermənistana zərbədir. Birincisi, Hindistandan Çabahar limanı vasitəsilə hərbi yüklərin daşınma ehtimalı risk altına düşür. Eyni zamanda Avropaya və MDB ölkələrinə daşınan yüklərdən pay uman erməni dövlətinin bu arzusu da puça çıxır.

Avropaya gəldikdə isə ehtimal etmək olar ki, Aİ gərginliyi azaltmağa və ABŞ-ın sanksiya tədbirlərini pozmadan nəqliyyat dəhlizini qoruyub saxlayacaq. Kompromis həll yollarını axtararaq ABŞ ilə bu məsələni müzakirə etmək üçün diplomatik səyləri də gücləndirə bilər. Amma başqa alternativ var və Qərb uzun müddətdir bu layihəyə daha çox maraq göstərir. Təbii ki, söhbət Azərbaycan vasitəsilə yüklərin daşınmasından gedir. İranın daim sanksiyalar altında olduğunu, hazırda İsrail və ABŞ-la münasibətlərin gərginliyini də göz önündə tutsaq, deməli, Hind okeanı və dolayı yolla Çindən Avropa və MDB məkanına daşınan yüklər üçün ən potensial və uğurlu marşrut xətti Azərbaycanın Zəngəzur dəhlizi layihəsidir fikrini tam əminliklə söyləmək mümkündür. Ermənistan variantı isə ən uğursuz və potensialı olmayan marşrut xəttidir.

Bunun bir sıra səbəbləri var. Birincisi, erməni dövlətində infrastruktur yenilənməli, yollar genişləndirilməli, dəmiryolu şəbəkəsi inşa edilməlidir. Eyni zamanda Ermənistanla İran arasında birbaşa dəmiryolu əlaqəsi də yoxdur. Avtomobil yolları isə çətin dağ relyeflərindən keçir və ilin bir çox aylarında istifadə qeyri-mümkündür. Bu yol isə Lars keçid məntəqəsindən keçməklə, Avropa və MDB məkanına çata bilsə də, Kremlin Paşinyan hökumətini cəzalandırmaq üçün müntəzəm olaraq, bu yolu bağladığı da gün kimi aydındır. Belə bir ssenari isə nə Qərb, nə də MDB ölkələri üçün məqbul deyil. Yüklərin daşınmasını asanlaşdırmaq və müddəti azaltmaq üçün nəzərdə tutulan yol Ermənistanda dalana dirənə bilər.

2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında təməli qoyulan "Şimal-Cənub" nəqliyyat dəhlizi anlaşmasına Azərbaycan 2005-ci ildə qoşulub. Vurğulamaq lazımdır ki, dəhlizin ölkəmizdən keçən hissəsi hazırdır. Coğrafi və geosiyasi mövqe ilə yanaşı, nəqliyyat infrastrukturu Ermənistandan fərqli olaraq, bu layihənin əsas parçası olmağa imkan yaradır. Bu səbəbdən də yüklərin Xəzər dənizindən keçərək, Ələt limanı-Zəngəzur dəhlizi vasitəsilə Avropaya, Bakıdan dəmir yolu xətti ilə Rusiyaya daşınması hazırda ideal variant kimi görünür.

Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin sanksiya ilə bağlı bəyanatından sonra Rusiya XİN müavini Mixail Qaluzin də açıqlama verib. Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qərarı ilə 2021-ci ildə üç ölkənin baş nazir müavinlərinin birgə sədrliyi ilə yaradılan üçtərəfli qrupun tam işini tez bir zamanda bərpa etməyi zəruri hesab edir. Sonuncu dəfə qrup 2023-cü ilin yayında görüşüb və erməni tərəfinin işləri ləngitməsi, gah nala, gah da mıxa vurması, İran və Hindistanla layihəyə arxalanması səbəbindən hələ də Cənubi Qafqazın nəqliyyat infrastrukturu blokdan çıxmayıb. Artıq Çabahar limanı versiyası Vaşinqtonun sanksiyalarına məruz qalması səbəbindən rəsmi Moskva yenidən Zəngəzur dəhlizi məsələsinə işarə edir və işləri sürətləndirməyi tələb edir.

Hadisələrin gedişatı isə göstərir ki, üçtərəfli qrup yaxın vaxtlarda yenidən fəaliyyətə keçəcək və bu dəfə daha real nəticələrin əldə ediləcəyi qaçınılmaz görünür. Ermənistan siyasi elitasının isə son günlər Naxçıvanla dəmir yolu əlaqəsinin bərpası, regionda infrastrukturun blokdan çıxarılmasına hazır olmaları ilə bağlı bəyanatına da bu prizmadan yanaşmaq lazımdır. Rəsmi İrəvan növbəti dəfə dərk edir ki, regionda heç bir beynəlxalq layihəni, xüsusən də logistika sahəsində olan heç bir ideyanı Azərbaycanın iştirakı və icazəsi olmadan həyata keçirmək mümkün deyil.(Report)