Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Tacik xalqının adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına ölkənin milli bayramı münasibətilə səmimi təbriklərimizi çatdırıram.
Azərbaycan Respublikasının ölkənin sosial-iqtisadi və mənəvi həyatında böyük nəticələr əldə edərək öz inkişafında durmadan irəlilədiyini qeyd etmək sevindiricidir. Həmçinin Azərbaycanın beynəlxalq arenada nüfuzu artır.
Ölkələrimizin qarşılıqlı münasibətlərinin əsaslarının hərtərəfli möhkəmlənməsi Tacikistanın xarici siyasət prioritetlərində mühüm yer tutur.
Birgə səylər sayəsində dövlətlərarası tərəfdaşlıq və dialoq bütün səviyyələrdə uğurla inkişaf edir ki, bu da dostluq münasibətlərimizin məhsuldar şəkildə genişlənməsinə kömək edir. Bunun əyani nümunəsi əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir.
Mənim bu yaxınlarda Azərbaycana dövlət səfərim zamanı keçirdiyimiz görüşləri səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunmuş razılaşmaların praktik reallaşması uzunmüddətli perspektivə hesablanmış Tacikistan-Azərbaycan məhsuldar əməkdaşlığına yeni təkan verəcəkdir.
İnanıram ki, biz gələcəkdə də strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün zəruri birgə səyləri davam etdirəcəyik, ikitərəfli münasibətlərimizdə mövcud olan böyük potensialdan tam istifadə edəcəyik.
Əziz İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə hər zaman aydın səma, əmin-amanlıq və dinamik tərəqqi arzulayıram".