Sankt-Peterburqda avtobus sürücüsünü bıçaqlayaraq yaralayan Azərbaycan vətəndaşı cinayət-axtarış bölməsinin əməkdaşlarının operativ axtarış tədbirləri nəticəsində bu gün səhər saat 5:00 radələrində saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya DİN-nin rəsmi nümayəndəsi İrina Volk bildirib.
Məlumata əsasən, hazırda o, polis əməkdaşları tərəfindən dindirilir.
Xatırladaq ki, dekabrın 25-də 44 yaşlı Azərbaycan vətəndaşı Əlizadə Mustafayev münaqişə nəticəsində məktəbliləri, eləcə də, onların valideynləri və müəllimlərini daşıyan avtobus sürücüsünü bıçaqlayaraq hadisə yerindən qaçıb.
***
10:44
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Sankt-Peterburqda uşaqları daşıyan avtobusun sürücüsünə bıçaq zərbələri endirərək,onu ağır yaralamış Azərbaycan vətəndaşı Əlizadə Mustafayev barəsində başlanmış cinayət işini Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin şəxsi nəzarəti altına götürüb.
Bu barədə Oxu.Az Rusiya İstintaq Komitəsinin məlumatına əsasən xəbər verir.
Xatırladaq ki, dekabrın 25-də 44 yaşlı Azərbaycan vətəndaşı münaqişə nəticəsində məktəbliləri, eləcə də, onların valideynləri və müəllimlərini daşıyan avtobus sürücüsünü bıçaqlayaraq hadisə yerindən qaçıb.
Hadisə zamanı Mustafayevin həyat yoldaşı da yanında olub.
***
12:04 (26.12.2017)
Sankt-Peterburq polisi uşaqları daşıyan avtobus sürücüsünü bıçaqla yaralayan “Range Rover” markalı avtomobilin sürücüsünü axtarışa verib.
Bu barədə Oxu.Az Peterburq və Lenoblast üzrə DİN idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, daha sonra cinayətkar öz avtomobilinə əyləşərək, hadisə yerindən qaçıb. Üzü və avtomobilin nömrəsi müşahidə kamerasına düşdüyü üçün onun şəxsiyyətini qısa müddətdə müəyyən etmək mümkün olub.
Polisin məlumatına əsasən, cinayəti Əli Mustafayev adlı Azərbaycan vətəndaşı törədib. O, iş adamıdır və uzun müddətdir ki, Sankt-Peterburqda yaşayır.
Qeyd edilir ki, avtobus sürücüsü xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.