Moskvaya səfərinə görə plenar sessiyaya çağırılmadı
Macarıstanın Baş naziri Viktor Orban Avropa Parlamentinin ilk plenar sessiyasında çıxış etməyə dəvət olunmayıb.
Bu barədə məlumatı Brüsseldə mətbuat konfransında “Renew” fraksiyasından Avropa Parlamentinin deputatı Klara de Malo açıqlayıb.
“Gələn həftənin gündəliyində Orban yoxdur. Avropa İttifaqı Şurasına sədrlik Macarıstana keçdikdən sonra hər kəs onun fəaliyyətinin şahidi oldu. O, Avropa İttfaqının işinin qayda və roluna hörmət etmir, buna görə də, bu plenar sessiyaya dəvət edilməyib”, - deyə Malo qeyd edib.
Qeyd edək ki, Macarıstan iyulun 1-dən Aİ Şurasına sədrlik edir. Qaydalara əsasən, sədrliyin təhvil verildiyi ölkənin lideri Avropa Parlamentinin deputatları önündə çıxış edir və 6 aylıq proqramı təqdim edir. Bununla yanaşı, avropalı komissarlar sədr ölkənin paytaxtına səfər edirlər. Avropa Komissiyasının nümayəndəsi Erik Mamer bildirib ki, Orbanın Moskvaya səfərinə görə, bu məsələ hələ ki sual altındadır.
Orban iyulun 2-də Kiyevə, iyulun 5-də Moskvaya səfər edib. O, elə həmin gün Rusiyadan Azərbaycana səfərə gəlib. Baş nazir səfərləri çərçivəsində Ukrayna və Rusiya liderləri ilə münaqişənin nizamlanmasını müzakirə edib, Azərbaycanda isə iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirak edib.
Orbanın Moskvaya səfərinə münasibət bildirən Almaniya Kansleri Olaf Şolts qeyd edib ki, Orban Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara Aİ-nin xarici siyasət nümayəndəsi kimi deyil, Macarıstanın Baş naziri olaraq gedib. Bunun ardınca, Macarıstan Almaniyanın xarici işlər naziri Annalena Berbokun iyulun 8-də ölkəyə planlaşdırılan səfərini ləğv edib.