Ölkə iqtisadiyyatı növbəti ildə 1,5% artacaq.
AzBaku.info Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Samir Şərifov açıqlamasında deyib.
Onun sözlərinə görə, yerli istehsal daha aktiv inkişaf edir: “Bu da şübhəsiz ki, valyuta mövqeyimizə, valyuta ehtiyatlarımızın azalmamasına, əksinə bir qədər də artmasına müsbət təsir göstərmişdir”.
S.Şərifov deyib ki, ölkənin ticarət saldosu müsbətə doğru dəyişib, təxmini 5 milyard dollara yaxın müsbət nəticə verib, ölkəyə daha çox xarici valyuta daxil olub: “Şübhəsiz ki, burda neftin qiymətinin artmasının da rolu var, amma eyni zamanda ölkədə məqsədyönümlü aparılan ixracın stimullaşdırılması, idxalın isə əvəzləşdirilməsi siyasəti öz müsbət nəticələrini verməkdədir. Beləliklə, valyuta ehtiyyatlarımız, maliyyə qüvvəmizi bir qədər də artırmaq imkanına nail olmuşuq”.
Nazir həmçinin vurğulayıb ki, 2018-ci ildə də bu işlər islərin davam etdirilməsi istiqamətində də məqsədyönümlü tədbirlər davam etdiriləcək: “Qəbul edilmiş dövlət büdcəsi bunun üçün müvafiq şərait yaradır. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmmış makroiqtisadiyyat proqnozuna görə, ölkə iqtisadiyyatı növbəti ildə 1,5% artacaq. Onu qeyd etmək lazımdır ki, artımın əksər hissəsi qeyri-neft sektorunun payına düşəcək. Cari ildə də qeyri-neft sektoru 2,4% artıb, lakin neft sektorunda bir qədər geriləmə var”.
Samir Şərifov onu da deyib ki, hal-hazırda qeyri neft sektorunun payı 70%-a yaxınlaşmaq üzrədir: "Bu proses davam edəcək, çünki prinsip etibarı ilə bizdə neft sektorunda azalma mövcuddur, bu təbii haldır".