Sorosla Paşinyan arasından qara pişik keçir - baş naziri kompromatla hədələyirlər - ANALİZ

Sorosla Paşinyan arasından qara pişik keçir - baş naziri kompromatla hədələyirlər - ANALİZ

 
2018-ci ildə Corc Sorosun dəstəyi ilə Nikol Paşinyan və tərəfdarları qondarma “məxməri inqilab”la Ermənistanda hakimiyyətə yiyələnib. Elə bu dövrdən başlayaraq, bir sıra beynəlxalq ekspertlər artıq erməni dövlətinin Qərbin peykinə daxil olacağını proqnozlaşdırmışdılar.

Bunun əsas səbəblərindən biri də, İrəvanda hakimiyyət dəyişikliyindən sonra yağışdan sonra artan göbələk kimi, müxtəlif yollarla Soros fonduna bağlı olan bir sıra təşkilatların peyda olması, dövlət strukturlarına sorosçuların cəlb edilməsi idi. Sorosçular özlərini o qədər arxayın hiss edirdilər ki, hətta 2019-cu ildə paytaxtda Corc Sorosun heykəlinin ucaldılmasına belə nail oldular. Siyahı bununla bitmir, 2021-ci ildə Ermənistan televiziya şəbəkəsində Qərb qrantları hesabına maliyyələşən “Boon TV” də məhz yuxarıda adı qeyd edilən sorosçuların istəyi ilə açılıb. Tenderdə qalib gələn “Boon TV” “Karyak Media”ya məxsus bağlanmış “ArmNews” telekanalının tezliyini zəbt edib.

Kanalı kim maliyələşdirir?

Sözügedən kanal əslində 2013-cü ildə internet televiziya kimi Kristin Armenakyan və Gemafin Qasparyan tərəfindən yaradılıb. 2014-cü ildə isə məlum olub ki, televiziya rəhbərliyi Açıq Cəmiyyət Fondundan 140 min dollardan çox vəsait alıb. Əvvəllər elmi-maarifləndirici platforma olan kanal birdən birə yerli feminist və LGTB hüquqlarının müdafiəçisi kimi fəaliyyətə başlayır. Eyni zamanda erməni kilsəsi və ordunun tənqidi, təriqətlərə, pasifizmə və milli düşüncə tərzinə xas olmayan “proqressiv” mövzulara istinad edildi. Sonrakı dövrlərdə də kanalın Sorosla əlaqələri və qrant axınları güclü olub. Amma 2020-ci ildən Fond qrantları haqqında məlumat verməkdən imtina edib.

Eyni zamanda araşdırmalar göstərir ki, “Boon TV”nin fəaliyyətində bir sıra siyasi xadimlərin də əli olub. Məsələn, Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan, nazir Janna Andreasyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan və parlamentin bir sıra deputatlarının adını çəkmək olar. Maraqlıdır ki, siyahıda adı olan şəxslərin hamısı Qərbin adamları sayılır və Soros Fondu ilə müxtəlif əlaqələri var. Kanal hələ də əmək və sosial məsələlər nazirinin sabiq müavini (2020-ci ilin may ayında istefa verib” Gemafin Qasparyan tərəfindən idarə olunur. Tamamilə aydındır ki, burada qarşılıqlı anlaşma prosesi var. Hakimiyyət sorosçulara tezlik verir, minnətdarlıq əlaməti olaraq da onlar indiki hakimiyyəti tənqid etmir, onun maraqlarını təmin etməyən strukturları kəskin tənqid edir.

Anti-Rusiya isteriyasından pul alanlar

Artıq Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsinin olması faktdır. Bunun isə müəyyən pul qarşılığında baş verdiyini əminliklə söyləmək olar. Qərbin müəyyən strukturları, xüsusən də Açıq Cəmiyyət Fondu bu iş üçün on milyonlarla dollar xərcləyir. Məsələn, hazırda Ermənistanda anti-Rusiya cəbhəsinin bayraqdarlarından sayılan Aram Zaveni Sarkisyan bir neçə il əvvəl İrəvan-Moskva münasibətləri ilə bağlı tamamilə fərqli təsəvvürlərə malik idi. İnternetdə axtarış verib bu fikirlərlə tanış olmaq olar. Amma sonradan Aram Zaveni ABŞ-a təhsil almağa getdi və bu təhsilin hansı Fond tərəfindən maliyyələşdirildiyi artıq aydındır. Maraqlıdır ki, təhsildən əvvəl Rusiya və dövlətin KTMT-dəki mövcudluğunun qızğın tərəfdarı olan Sarkisyan ABŞ-dan qayıtdıqdan sonra valı dəyişib. Təbii ki, bu işdə ona altdan-altdan ötürülən yüzlük dollar dəstələrinin təsiri var.

Vəzifələrə təyinat və narazılıq

Sorosçular Ermənistanda zaman-zaman müxtəlif vəzifələrə təyinat alırlar və bu, artıq dəb halını alıb. Bunun üçün Fondun təyin etdiyi namizədin sənədləri baş nazirə göndərilir, o da əmr imzalamaqla işi yekunlaşdırır.

2023-cü ildə Kassasiya Məhkəməsinin cinayət kollegiyasının hakimi seçilən Davit Xaçaturyan Korrupsiyaya qarşı mübarizə idarəsinin sədri Sasun Xaçaturyanın qardaşıdır. Sözügedən şəxs 2006-2013-cü illərdə ABŞ-ın Ermənistandakı səfirliyində çalışıb. 2009-2013-cü illərdə eyni zamanda Ermənistan Açıq Cəmiyyət Fondunun direktorlar şurasının idarə heyətinin üzvü, 2016-2020-ci illərdə isə fondun idarə heyətinin sədri olub. Bu vəzifəni tutduğu dövrdə isə, aylıq 100 min dollar maaş alıb. Göründüyü kimi, sorosçular Ermənistanda kifayət qədər ciddi vəzifələrə təyin olunurlar.

İkinci bir fakt, Qeqam Manukyan da bu gün Paşinyanı tənqid edən cəbhədə dayansa da, əslində sorosçudur. Onun rəhbəri olduğu “Yerkir Media” sözügedən fonddan dəfələrlə 100 min dollar qrant alıb. Buradan da göründüyü kimi, hətta müxalifətin də içində sorosçular kifayət qədər var.

Amma maraqlıdır ki, son iki il ərzində Paşinyan hakimiyyəti ilə Fond arasında narazılıq yaranıb. İlk işartılar 2022-ci ildə başlayıb. Ermənistanın daxili işlər naziri Vahe Qazaryana qarşı sorosçular ciddi hücumlar təşkil edir, əllərində olan media orqanları vasitəsilə DİN-də baş verən ən kiçik hadisəni şişirdərək tirajlayır, naziri postundan “aşırmaq” üçün min üsula əl atıblar. Məsələ burasındadır ki, Soros Fondu bu posta öz namizədini təklif etsə də, baş nazir məktəb illərindən dostluq etdiyi Vaheni daha üstün tutub.

Sorosla Paşinyan arasından keçən qara pişik

Yuxarıda da qeyd edilən kimi, son iki il ərzində tərəflər arasında münasibətlərdə soyuqluq yaranıb. Çünki 2022-ci ildən başlayaraq, Fonddan maliyyələşən bir sıra təşkilatlar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Məlumatlı Vətəndaşlar Assosiasiyası, Helsinki Vətəndaş Assambleyasının Vanadzor İdarəsi, Gümrü “Asparez” Jurnalist Klubu, Transparency International Antikorrupsiya Mərkəzi və s. kimi Soros təşkilatları hətta bunu tələb edirlər və Paşinyanın yeni seçki ideyasından əl çəkməsindən narazılıq edirlər. Vaxtilə Paşinyan “Soros Fondu” ilə koalisiyada olub və hakim fraksiyadan 25-30-a yaxın deputat fondun donorudur və baş nazirə tabe deyil. Eyni sözləri bəzi nazirliklər haqqında da demək olar. Eyni zamanda Aİİ ilə, xüsusən də Kreml ilə münasibətləri saxlamaq ideyası da Fondun narazılığına səbəb olur. Bu səbəbdən də ehtimal etmək olar ki, Açıq Cəmiyyət İnstitutu seçki yolu ilə narazı olduğu hökumət başçısını dəyişmək istəyir.

Paşinyana ciddi xəbərdarlıq

Məsələ bununla da bitmir. Son dövrlər siyasi kulislərdə gəzən söhbətə görə, baş nazirin Qərbin narazılığını qazanıb. Əslində Nikol Paşinyan Qərbin təklif etdiyi bütün proqramlara qoşulmağa hazır olduğunu açıq şəkildə bildirib. Amma son həftələrdə atdığı iki addım Qərbdəki ağalarını, xüsusən də sorosçuları bərk qəzəbləndirib. Birinci səhv “Armutk” agentlik şəbəkəsinin dörd agenti tərəfindən keçirilməsi təklif edilən və hakimiyyətlə əvvəlcədən razılaşıdırılan Avropaya inteqrasiya referendumu fikrinin rədd edilməsi olub. İkincisi isə Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyanın Rusiyanın Belqorod şəhərinə səfəri və Ukraynada həlak olan rus əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül qoyması olub. Elə bu səhvlərdən sonra isə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts maraqlı açıqlama verərək, bir növ hakimiyyətə xəbərdarlıq edib. Söhbət ötən il Ermənistanda tapılan 2 ton narkotik maddədən gedir. O bildirib ki, dövlət qurumlarının bu məsələ ilə bağlı izahat verməməsi təəccüblüdür. Bunu kim göndərib, kimə göndərib, məsələ nədir? Bununla bağlı heç bir güc strukturu açıqlama verməyib.

Bir il əvvəl baş verən hadisə ilə bağlı sorosçuların indi sorğu-suala başlaması, əslində xəbərdarlıq siqnalı kimi qəbul edilməlidir. Bu açıqlama ona dəlalət edir ki, əgər baş nazir Sorosun tələblərinə biganə qalmaqda davam etsə, qısa müddət ərzində Paşinyan “Qafqazın Eskobarı” ünvanını ala bilər. Çünki söhbət milyardlarla dollar dəyəri olan bir neçə ton narkotik maddədən gedir və bu məsələ ilə bağlı Ermənistanın məhkəmə aktlarının məcburi icrası xidmətinin keçmiş rəhbəri Mihran Poqosyanın adı hallansa da, sonradan bu ad da unuduldu.

İşin bizə maraqlı olan tərəfi isə, sorosçuların birdən-birə bu mövzu barədə aktivləşməsidir. İlk olaraq qeyd edək ki, Artur Sakunts kifayət qədər ciddi sorosçu sayılır. O, ictimai çıxışlarını, açıqlamalarını, bəyanatlarını konkret sifariş əsasında həyata keçirir və bunu heç gizlətmir. Bu fakt kifayət qədər bilinən faktdır. Əgər bir il əvvəl baş verən hadisə barədə sorosçu indi danışmağa başlayıbsa, bu, ciddi xəbərdarlıq kimi qəbul edilməlidir. Paşinyan başa düşməlidir ki, qərbli ağaları, xüsusən də Açıq Cəmiyyət İnstitutu onun hərəkətlərindən narazıdırlar. Əgər səhvlərini düzəltməsə, ortaya çıxacaq kompromatların ardı-arası kəsilməyəcək. Sorosçular onun narkotik maddələrin alverinin başında dayanan şəxs olduğunu “sübuta yetirəcəklər” və Nikol “Qafqazın Eskobarı” kimi tanınacaq.

Paşinyanın isə bu mesajı alıb-almadığı, qəbul edib-etmədiyini növbəti həftələrdə atacağı addımlar müəyyənləşdirəcək.(Report)