Sumqayıt “xanı” Zakir Fərəcovun özbaşınalığı davam edir

İki ilə yaxındır ki, Sumqayıt şəhərində etirazlar və narazılıqlar səngimir. Zakir Fərəcovun icra başçısı təyin olunduğu müddətdən bəri insanların sosial durumunda ciddi problemlər yaranmaqdadır. Şəhərin hər qarışını satışa çıxaran icra başçısı iş adamlarının hüquqlarını pozmaqla da diqqət mərkəzinə düşüb. Z.Fərəcovdan olan çoxsaylı şikayətlər yuxarıların nəzarətində olsa da tədbir görən yoxdur. Hamı icra başçısının arxasında dayanan gücün Bəylər Eyyubov olduğunu düşünür. Zakir Fərəcovun qohumları da generalın adını hallandırması təsadüfi deyil. Sumqayıtda tikilən hər bir obyektin sahibi kimi göstərilən Bəylər Eyyubovun baş verənlərə susmaqla cavab verməsi deyilənlərin həqiqət olduğuna işarə etməkdədir.

Sumqayıtlılar çarəsiz durumda icra başçısının özbaşınalığına biganə qalan qurumlara yazmaqdan beziblər. Kimsə, Zakir Fərəcovun qanunsuz fəaliyyətinin qarşısına keçmək istəmir. Ədalətin bərqərar olacağına ümid edənlərin arzuları da bitmək üzrədir. Bir məmurun minlərlə insanın həyatına yaratdığı problemlərin həllinin vacib şərtə çevrildiyi zaman çoxdan yetişib. Fərəcovların hər yerdə - Sumqayıtda, Abşeron rayonunda həyata keçirdiyi özbaşınalığın ağır nəticələri yetişməkdədir.

Dövlətin maraqlarını tapdalayan Fərəcov tayfasının arxalandığı qüvvə artıq gizli deyil. Abşeronda icra başçısının diplomsuz qohumu Məhəmməd Həsənovun dedikləri ictimaiyyətdə qəzəblə qarşılanır. Zakir Fərəcovun bacısı oğlu bildirir ki, onların arxasında Bəylər Eyyubov dayanır və o yaxın zamanda Abşeron rayonuna icra başçısı təyin olunacaq. Təsadüfi deyil ki, rayonda bütün qanunsuz işlərin arxasında icra başçısının bu diplomsuz müavinin adı çəkilir. Abşeron icra hakimiyyətini zəbt edən Fərəcov tayfasının özbaşınalığı ilə bağlı araşdırmalarımız yekunlaşıb və yaxın günlərdə ətraflı məlumat verəcəyik.

Zakir Fərəcovun Sumqayıt şəhərində qanunsuz tikintilərə sərəncam verməsi, şəhərin bağça və məktəblərinin ərazilərini satışa çıxarması mediada geniş qeyd olunub. Lakin icra başçısı yazılanlara əhəmiyyət verməyərək qanunsuz fəaliyyətini davam etdirməkdədir. Onun qərarlarını həyata keçirən şəhər icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynovun fəaliyyəti insanların haqlı narazılığına səbəb olub. Bu məmurun iş adamlarını aldadaraq vəsaitlərini mənimsəməsi haqqında yazılanlar nəticə vermir. Zakir Fərəcovun yerinə özünü namizəd sayan Fəzail Hüseynov hazırda həbsdə olan Müqayis Verdiyedən də dəfələrlə rüşvət aldığı qeyd olunur. İş adamının Realliqinfo.com – a verdiyi açıqlamada bildirilirdi ki, Fəzail Hüseynov dəfələrlə ondan pul alıb və həmin vəsaiti mənimsəyib. Hətta iş adamlarını aldadaraq onlardan 760 min manat alan bu məmur xarici ölkələrdə biznes qurmaqla da qiddət çəkib. Realliqinfo.com – a məlumat verən etibarlı mənbə qeyd edir ki, ötən il Fəzail Hüseynov iş adamlarından 36 min ABŞ dollar rüşvət alaraq ailəsi ilə birlikdə İtaliyada bir aylıq istirahət edib.

Sumqayıtda bu məmurun özbaşınalığı və idarələrdən “vergi” toplaması da narazılıqlara səbəb olub. Zakir Fərəcovun tapşırığı ilə idarə və müəssisələrdən haqq toplayan Fəzail Hüseynovun digər qaranlıq fəaliyyəti də araşdırmalarımızın əsas mövzusudur. Bu şəxsin “mənim Prezidentim Zakir Fərəcovdur” – deməsi də sumqayıtlıların dil əzbərinə çevrilib.

Sumqayıt icra başçısı Zakir Fərəcovun vaxtilə həbsə saldığı və sonradan “sevdiyi” və vəzifə bəxş etdiyi məmurlardan biri də Adil Xudadatovdur. Memarlıq və Tikinti şöbəsində baş məsləhətçi olan bu şəxs şəhərdə obyekt və ticarət mərkəzlərinin sahiblərinin qənimidir. Sahibkarların hər ay “görüşdüyü” Adilin yaxın qohumunun icra başçısı ilə sıx münasibətləri, onu toxunulmaz məmura çevirib. Zakir Fərəcovun “eşqinə” sadiqlik göstərməyə məcbur olan Xudadatovlar, yenidən həbsxana həyatı yaşamamaq üçün tələblərə əməl edirlər. İcra başçısının şəxsi maraqlarının qulu olanların istəklərə “yox” dedikləri zaman kəsiləcək cəza bəllidir.

Sumqayıtda öz qanunsuz əməlləri ilə diqqət çəkən məmurlardan biri də icra başçısının birinci müavini Faiq Kərimovdur. Bu məmur idarə və müəssisə rəhbərlərini hədələməklə və iş adamlarından 86 min manat rüşvət almaqla diqqət mərkəzinə düşüb. Hətta, vətəndaşları qəbul zamanı təhqir etməkdən çəkinməyən F.Kərimovdan olunan şikayətlər nəticə vermir. Zakir Fərəcovun xüsusiyyətlərini götürən müavinin qəbul etdiyi qərarlar müzakirə olunmur. Şəhərdə məmur adını daşıyanlar, bu qərarlara tabe olmağa borcludur. Şəxsi maraqlara xidmət edən qərarlara etiraz isə, ağır cəzalara səbəb olur.

Sumqayıtda bir xanlıq formalaşıb. Fərəcovlar bu xanlığın başında durmaqla ölkə qanunlarına sayğısız fəaliyyətlərini davam etdirirlər. İcra başçısının keçmiş cinayət tərkibli əməlləri və hazırda həyata keçirdiyi özbaşınalıqlara biganə münasibət narazı kütlənin sıralarını genişləndirməkdədir. Zakir Fərəcovun keçmiş MTN rəhbərliyi ilə sıx bağlı olan əməlləri, eləcədə hazırkı iş prinsipi dövlətə və onun maraqlarına ciddi təhlükə sayılır. Bir məmurun cinayətkar şəbəkə ilə əməkdaşlığını ört-basdır edən dövlət qurumları, ölkə başçısına da həqiqətlərin çatdırılmasına əngəllər yaradır. Lakin, biz Realliqinfo.com olaraq Fərəcov tayfasının cinayət tərkibli əməllərinə biganə qalmamaqla faktları ictimaləşdirməkdən çəkinmirik. Ümid edək ki, insanları qanunsuz həbs etdirən, milyonlarla dövlət vəsaitini mənimsəyən, qətl və cinayətlərdə adı keçən Fərəcovların ədalət mühakiməsi uzaqda deyil.

Mövzuya qayıdacağıq.