Azərbaycan QHT-ləri: Ermənistanla Aİ arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur
Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə Ukraynadakı müharibəni maliyyələşdirir.
Bu barədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) ABŞ və Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktubunda bildirilib.
Qeyd olunub ki, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiya tətbiq edilməsinə baxmayaraq, bir sıra Aİ ölkələri Rusiya Federasiyası ilə Ermənistan vasitəsilə xarici ticarət əməliyyatlarını davam etdirir: "Belə ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanla Aİ arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur. Bir sıra Avrozona ölkələri ilə münasibətdə isə nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir. Belə ki, 2023-cü ildə 2021-ci illə müqayisədə Ermənistanın Yunanıstana ixracı 39 dəfə və Kiprə ixracı 24 dəfə artıb. Necə ola bilər ki, bir tərəfdən Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir, amma digər tərəfdən elə həmin sanksiyaların tətbiqinə cavabdeh olan ölkələr Ermənistanın Rusiya ilə qanunsuz ticarətində iştirak edir? Axı dolayısı ilə Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə həm də bu ölkənin Ukraynadakı müharibəsini maliyyələşdirir".