Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 4-də davam edib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, əməliyyatda FHN-in peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara xüsusi təlim keçmiş itlər cəlb olunub.
Axtarış-xilasetmə işləri yüksək dağ massivində çətin meteoroloji şəraitdə aparılır. Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Hazırda burada qar örtüyünün qalınlığı 1-1,5 metr təşkil edir. Qar uçqunlarının olduğu yerlərdə isə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.
Fövqəladə Hallar Nazirliyi təəssüf hissi ilə bildirir ki, axtarış-xilasetmə əməliyyatının gedişatını, xüsusilə də mürəkkəb şəraitdə axtarış-xilasetmə tədbirlərini həyata keçirən müvafiq dövlət qurumlarının əməkdaşlarının və könüllülərin fədakar fəaliyyətini işıqlandırmaq əvəzinə, bəzi kütləvi informasiya vasitələri və sosial media istifadəçiləri həqiqəti əks etdirməyən məlumatlar yaymaqda davam edirlər.
Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edir və yaranmış həssas vəziyyətə anlayışla yanaşmağa çağırır.
Qeyd edək ki, axtarış işləri barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur.