NATO Cənubi Qafqaza girməyə can atır: Ermənistan poliqona çevrilir - ŞƏRH
Ermənistanla NATO arasında əlaqələr son illər yeni mərhələyə daxil olub. Bu, təxminən 2018-ci ildən, yəni Ermənistanda baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövrə təsadüf edir. Belə ki, qərbyönümlü siyasətçi olan N.Paşinyandan özlərinin maraqları naminə istifadə edən böyük güclər oyunlarını davam etdirməkdədirlər.Məlum olduğu kimi, NATO və Rusiya bir çox regionlarda, o cümlədən Cənubi Qafqazda opponentdirlər. İki böyük güc təsir imkanları uğrunda mübarizə aparırlar. Belə demək mümkünsə, birinin dediyi digərinin boğazından keçmir.
NATO və onun əsas üzvlərindən biri olan ABŞ bölgəyə girmək üçün Cənubi Qafqazın ən zəif bəndi olan Ermənistandan istifadə etməyə davam edir. Bu, Vaşinqtonun İrəvanla ikitərəfli münasibətlərində də hiss olunur.
Ermənistan və NATO arasında ikitərəfli əlaqələrin inkişafı, həmçinin rəsmi İrəvanın Alyans təlimlərində iştirak etməsi onu deməyə əsas verir ki, ABŞ və onun bir çox müttəfiqi Cənubi Qafqaza soxulmaqda israrlıdır.
Oktyabrın 2-dən 5-dək NATO Beynəlxalq Hərbi Qərargahının baş direktoru, general-leytenant Yanuş Adamçak Ermənistanda səfərdə olub.
Bu barədə qurumun rəsmi saytında məlumat paylaşılıb.
Bildirilib ki, İrəvanda olarkən Yanuş Adamçak hərbi rəhbərlər və yüksək vəzifəli şəxslərlə görüşüb. Onların müzakirələrinə hərbi əməkdaşlıq, müdafiə islahatları və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi daxil olub.
“Biz Ermənistanın son iki ildə NATO ilə əməkdaşlıq səviyyəsini yüksəltməsini alqışlayırıq. Bura Kosovodakı KFOR missiyamıza əlavə qoşun töhfələri də daxildir”, - deyə Yanuş Adamçak bildirib.
O, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi general-leytenant Edvard Asryan ilə görüşündə NATO-nun Ermənistanla tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.
Ən diqqətçəkən məqam Y.Adamçakın NATO-nun Ermənistanla tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirməsidir. Yəqin ki, belə də olacaq.
Aydın görünür ki, Ermənistan NATO ilə yaxınlaşdıqca Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşır. Bu proses paralel davam edir. Bu, Alyansın Ermənistanla yaxınlaşmasının səbəblərini bir daha izah edir. Məsələ burasındadır ki, Ermənistan bir dövlət kimi NATO üçün o qədər də əhəmiyyətli deyil. Ermənistanın imkanları NATO müttəfiqləri ilə müqayisədə çox azdır. Yəni Ermənistan hər nə qədər belə düşünsə də, yaxud belə rəy yaratmağa cəhd etsə də, əslində Alyansın diqqətini çəkən heç bir halda onun hərbi potensialı deyil. Sadəcə olaraq NATO özünün siyasi ambisiyaları naminə rəsmi İrəvandan istifadə edir. ABŞ və müttəfiqləri bununla nəyə nail olmaq istəyir?
Birincisi, regiondakı təsir imkanlarını gücləndirmək.
İkincisi, Rusiyanın Cənubi Qafqazdakı “rıçaqlarını” zəiflətmək.
Üçüncüsü, Ermənistanı özündən asılı vəziyyətə salmaqla gələcək “sifarişlərin” “icraçısını” müəyyənləşdirmək.
Üstəgəl, onu da nəzərə almaq lazımdır ki, NATO-nun əsas müttəfiqi olan ABŞ bu gün dünyanın fərqli regionlarında gərginlik yaradır. Məqsəd aydındır: silah biznesini təmin etmək. Bu, Cənubi Qafqaz üçün də istisna deyil. Bəzi NATO dövlətləri Ermənistanı təhrik etməklə regionda yeni gərginlik yaratmaqda və ardınca bu dövlətə silah satmaqda maraqlıdır.
Yada salmaq yerinə düşər ki, Şərqi Avropada müharibənin başlanma səbəbi NATO-nun şərqə doğru genişlənmə cəhdləri olub. Rusiya bu cəhdlərə cavab olaraq Ukraynaya müdaxilə etdi. İndi isə Alyans Ermənistan vasitəsilə Cənubi Qafqaza girməyə çalışır. Bu, Rusiyanın maraqlarına uyğun deyil. Deməli, perspektivdə Cənubi Qafqazda Şərqi Avropa ssenarisinin təkrarlanması və davam edən təhriklərin məntiqi nəticəsi olaraq Ermənistanın Qərblə Rusiya arasında hərbi poliqona çevrilməsi mümkündür. Əlbəttə, bu, rəsmi İrəvan üçün arzuolunmaz ssenaridir.
Onu da deyək ki, NATO-nun davam edən cəhdləri Rusiya ilə münasibətləri daha da gərginləşdirməklə yanaşı, həm də Alyans daxilində fikir ayrılığını gücləndirə bilər. Bu, xüsusilə Türkiyə-ABŞ ikitərəfli münasibətlərində müşahidə edilə bilər. Çünki rəsmi Ankara Vaşinqtonun qurduğu oyunda iştirakçı olmaq istəmir. Türkiyə ABŞ-dan fərqli olaraq bölgədə gərginlikdə yox, sabitlikdə maraqlıdır. Beləliklə, oyun davam edir...(Report)