COP29-da yollarda qadağalar olacaq? - Rəsmi cavab - Yenilənib

COP29-da yollarda qadağalar olacaq? - Rəsmi cavab - Yenilənib

“COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib”.

Bunu COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.

O qeyd edib ki, Liderlər Sammiti dövründə - 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda tənzimləmələr aparılacaq.

Orxan Mahmudlunun sözlərinə görə, tənzimləmələr tətbiq ediləcək yollara Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələri daxildir.

***

Qurum rəsmisi əlavə edib ki, yollardakı COP29 zolaqlarının avtobus zolaqlarından nə status baxımından, nə də hansısa digər meyarlara görə fərqi yoxdur: “Bu zolaqlardan istifadə zamanı tətbiq olunan qaydalar COP29 zolaqlarına da aiddir”.

O qeyd edib ki, müxtəlif ölkələrin liderlərinin Bakıya səfəri dövründə həmin zolaqlardan istifadə üçün müəyyən icazə vərəqələri və stikerlərin tətbiq olunması gözlənilir:

“Zolaqların içərisində COP29-un loqosu olsa da, onlar avtobus zolaqlarıdır. Əslində şəhərin mobillik planı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu avtobus zolaqlarının çəkilməsi nəzərdə tutulmuşdu.

Sadəcə COP29 tədbiri ilə əlaqədar bu proses müəyyən qədər sürətləndirilib. COP29 zolaqlarının avtobus zolaqlarından nə status baxımından, nə də hansısa digər meyarlara görə fərqi yoxdur.

Cərimələnmə mexanizmi və bu zolaqlardan istifadə zamanı tətbiq olunan qaydalar COP29 zolaqlarına da aiddir. Növbəti aydan etibarən bu zolaqlar COP29 üçün nəzərdə tutulan şatl avtobusları, xüsusi qrup taksilər, həmçinin tədbirin xüsusi xidmət avtomobilləri tərəfindən istifadə olunması üçün ayrılacaq. Həmin zolaqlardan istifadə üçün müəyyən icazə vərəqələri və stikerlərin olması gözlənilir ki, bu stikerlər COP29 Əməliyyat Şirkəti tərəfindən xüsusi təyin olunmuş xidməti avtomobillərə, şatl avtobuslarına və taksilərə əvvəlcədən veriləcək”.