Emin Əmrullayev: Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik
Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Report"un əməkdaşının sualına cavab olaraq jurnalistlərə açıqlamasında deyib.
"Biz daha çox azərbaycanlının ali təhsil almağını istəyirik. Buna da nail oluruq. Hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır. Proses davam edəcək. 2026-cı ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik. Hesab edirəm ki, bu rəqəm daha da artacaq. Çünki bu il həm Qarabağ, həm də Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başladı", - nazir bildirib.
O qeyd edib ki, nazirlik qəbul planının əsasən regionlarda artırılmasının tərəfdarıdır: "İstəyimiz odur ki, regionlardakı ali təhsil müəssisələri universitet formatına düşsün. Yəni oradakı universitet 1000 nəfərlik olmasın".