Bakıda 2 yeniyetmə bıçaqlandı - Yenilənib
Bakıda 11-ci sinif şagirdi bıçaqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hadisə bu gün dərsdənkənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə baş verib.
322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub. Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İdarədən, həmçinin bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı “Bizim.media” saytı yayıb.
***
Daxili İşlər Nazirliyi Buzovna qəsəbəsində 2 nəfərin bıçaqlanması ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
***
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:30 radələrində 2007-ci il və 2008-ci il təvəllüdlü şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
“Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal əməliyyata alınıb. Cərrahi əməliyyatdan sonra yaralılar tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyətləri ağır stabil qiymətləndirilir”.