Gürcüstanda parlament seçkiləridir
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Səsverməyə yerli vaxtla saat 8:00-də start verilib.
Parlamentin 150 yeri uğrunda 19 siyasi partiya və koalisiya rəqabət aparır.
Builki seçkilər ilk dəfə tam proporsional qaydada, 5%-lik seçki bariyeri ilə ilə keçirilir. 11-ci çağırış parlamentə düşmək üçün partiyalar nəzərdə tutulan baryeri keçməlidir.
Seçkilərdə MSK-ya partiya siyahılarını təqdim edən 18 subyekt iştirak edir, onlardan sosial sorğulara görə, 5 %-lik baryeri aşaraq deputat mandatı almaq üçün beşinin şansları realdır.
Bunlar hakim “Gürcü Arzusu” Partiyası və müxalif “Vahid Milli Hərəkat” Partiyası, “Dəyişikliklər Koalisiyası”, “Güclü Gürcüstan” və “Gürcüstan uğrunda” partiyalarıdır.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir.
Bildirilib ki, Gürcüstan vətəndaşları üçün 3111 seçki məntəqəsi fəaliyyət göstərir.
Xaricdəki seçki məntəqələrinə gəlincə, 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb.
Gürcüstanda parlament seçkilərini 102 yerli və 64 beynəlxalq təşkilat müşahidə edəcək. Saat 20:00-da (Bakı ilə eyni vaxtda - red.) seçkilərə yekun vurulacaq.
Qeyd edək ki, parlament seçkilərini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev müşahidə edəcək.