Məcnun Məmmədov: "Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir"

Məcnun Məmmədov: "Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir"

Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil olunmuş "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" adlı tədbirdə bildirib.

"Qlazqodan Şarm əl-Şeyxə, Dubaydan Bakıya qədər hər bir addımımız qlobal iqlim dayanıqlılığının təməlini gücləndirən vacib bir qat əlavə edir. Bakı Harmoniya İqlim Təşəbbüsü təkcə bir gündəm deyil; bu, dayanıqlı aqro-ərzaq sistemləri üçün səylərimizi harmoniyaya gətirmək barədə ortaq vədimizdir", - deyə o qeyd edib.

Nazir həmçinin bildirib ki, Təşəbbüsün məqsədi əməkdaşlıq fürsətini qalıcı bir mirasa çevirməkdir.

Onun sözlərinə görə, qlobal səviyyədə Qida və Kənd Təsərrüfatı üçün Dayanıqlı Transformasiya Tərəfdaşlığı (FAST) kimi təşəbbüslər artıq Bakı Harmoniya İqlim Təşəbbüsünə inteqrasiya edilib: "Təşəbbüs Birləşmiş Ərəb Əmirlikləri Bəyannaməsində müəyyən edilmiş məqsədlərlə tam uyğunlaşdırılıb və Texniki Əməkdaşlıq Təşəbbüsü vasitəsilə həyata keçirilir. Əsas məqsəd mövcud imkanları və aqro-ərzaq sektorunun iştirakçılarını gücləndirməkdir".

Nazir Təşəbbüsün maliyyələşdirmə və investisiyaları dəstəklədiyini, fermerləri dəyişiklik üçün əsas agentlər kimi ön plana çıxardığını vurğulayıb. O, tədbirin əsas mövzusunun "COP-dan COP-a miraslar" olduğunu qeyd edib və bildirib: "Biz aqro-ərzaq dayanıqlılığının, daha ağıllı və güclü iqlim dayanıqlı ərzaq sistemlərinin bir mirasını yaradırıq. Bir COP-dan növbəti COP-a dərsləri paylaşarkən, yalnız formal prosesləri yerinə yetirmirik, əksinə, gələcək üçün toxumlar əkirik".