“Həzi Aslanov” stansiyasında təmir başlayır
“Noyabr ayının 30-dan “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılır”.
Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu stansiyanın dalanı qatarların bir yoldan digərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçik həcmli təmir işləri üçün nəzərdə tutulmuş texniki sahədir: “İstismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti stansiyanın yol dalanında tunelin konstruktiv elementlərinə mənfi təsir edib. Davamlı təsirlər nəticəsində yan və orta divarlarda erroziyanın intensiv xarakter aldığı müşahidə olunub. Blok və örtük panellərində mühafizə qatının betonu qopub, işçi armaturlar korroziyaya uğrayaraq deformasiyaya məruz qalıb və proses davamlı xarakter alıb. Yükdaşıyan konstruksiyaların dayanıqlığının yoxlanılması və gücləndirmə işlərinə zərurət barədə rəyi Fövqəladə Hallar Nazirliyinin tabeliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib”.
Sədr müavini əlavə edib ki, görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək: “Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq. Ümumiyyətlə, təmir zamanı ən dayanıqlı materiallardan, müasir dövrün infrastruktura uyğun son texnoloji yeniliklərindən istifadə olunacaq”.