“Çudo Peçka” MMC-nin təsisçisi, hazırda həbsdə olan iş adaml Çingiz Cəlilovun övladlarının adına bandan milyonlarla manat kredit götürdüyü məlum olub.
Ç.Cəilovun həmçinin qardaşı və digər qohumlarının adına da kreditlər götürüb. Həbsdəki iş adamının adına kredit görürdüyü övladlarından biri də müğənni Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilovdur.
Musavat.com xəbər verir ki, Anar Cəlilov atasının cinayət işində şahid qismində dindirilib. Anar Cəlilovla yanaşı, onun əmisi Pərviz Cəlilov və qardaşı Teymur da şahid qismində dindiriliblər.
A.Cəlilov istintaqa ifadəsində deyib ki, heç bir yerdə işləmir və adına kredit götürülməsinə atasının istəyi ilə razılıq verib.
O, ifadəsində "Çudo Peçka" MMC-nin əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olduğunu söyləyib.
"2012-ci ildə atam çağırıb dedi ki, "Çudo Peçka" üçün "Bank Standard"dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də atamla razılaşdım, bundan sonra həmin bankın baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım. Lakin həmin sənədlərdə nə yazıldığı bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün tərtib olunan sənədlər idi. Amma kredit üzrə vəsaiti mən götürməmişəm"- A.Cəlilov ifadəsində göstərib.
Ç.Cəlilovun digər oğlu Teymur da qardaşı kimi eyni məzmunlu ifadə verib.
Qeyd edək ki, ittihama görə “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bildirək ki, Səlim Kirman isə ölkədən qaçıb. O, "İnterpol" xətti ilə axtarışdadır.