Son illər yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə və avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə görə Lvovun azərbaycanlı sakini Elnarə Abiyeva dəfələrlə polis tərəfindən saxlanılıb.
Ancaq yanvarın 7-də 26 yaşlı, gözəl xarici görünüşü olan xanım daha da irəli gedib.
Oxu.Az xəbər verir ki, Lvov polis idarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, “Peugeot” markalı avtomobili idarə edən Abiyeva 14:00 radələrində General Çuprinki küçəsində polis tərəfindən saxlanılıb – o, əks istiqamətli tramvay yoluna çıxıb.
Polis əməkdaşları saxlanılan şəxsdən sənəd tələb etsə də, Abıyeva bunu yerinə yetirməkdən imtina edib.
Onunla söhbət aparan zaman polis müfəttişləri, onda açıq-aşkar narkotik keflənmə əlamətləri müşahidə edib (bu əlamətlərin nədən ibarət olduğu dəqiq göstərilmir - red.). Qadın qəfildən qaz pedalını sıxaraq, maşını ilə müfəttişlərdən birini vurub; zərbədən o kənara düşüb.
Ardınca dəliqanlı xanım ikinci yol-patrul əməkdaşını da vurub, ancaq sonuncu maşının örtüyündən möhkəm yapışıb. Bu şəraitdə belə Abıyeva avtomobili durdurmayıb, əksinə, sürət verərək, kapot üzərində olan polislə bir neçə küçədən keçib. “Forsaj” filmindəki səhnələri xatırladan bu yarım kilometrlik yürüş yolda olan müşahidə kamerasının obyektivinə tuş gəlib.
Bir müddət sonra “küçə avtopilotu” polisi maşının kapotundan “düşürməyə” nail olub; yüksək sürət verdikdən sonra polis yolun hərəkət hissəsinə yıxılıb, Abiyeva isə hadisə yerini tərk edib.
Məlumata görə, xəsarət alan polis müfəttişi təcili tibbi yardım maşını ilə aparılıb. Zərərçəkən çoxsaylı bədən xəsarətləri, bədənin müxtəlif hissələrində sıyrıqlar və qol sınığı ilə xəstəxanaya yerləşdirilib. Lvov yol-patrul polisi Roman Pilipenko insidentin videogörüntüsünü sosial şəbəkələrə yerləşdirərək “qəhrəmanın” adının Elnarə Abiyeva olduğunu bildirib.
Ancaq yol hərəkəti qaydalarını kobudcasına pozmuş xanım sürücünün aqibəti haqqında dəqiq məlumat yoxdur: Abiyevanın sosial şəbəkələrdə aktiv olmasından o nəticəyə gəlmək olar ki, o, hələ də azadlıqdadır.
O, kiçik qızı ilə çəkdirdiyi fotoşəkilləri “Vkontake” hesabında paylaşmağa davam edir, kənar şəxslərə qapalı olan “Instagram” səhifəsinə yerləşdirir. Polislə yaşanan insidenti o, özünəməxsus şəkild şərh edib:
“Bəzi “zibilləri” çıxmaq şərtilə bayramlar lap əla keçdi. Həyatdan zövq alın və “zibil” olmayın. “Zibillərə” mənim yazığım gəlmir. Yalnız qoca insanlara, uşaqlarını itirmiş analara, həbsdə olan günahsız insanlara yazığım gəlir, onların halına acıyıram”, – deyə Abıyeva bildirib. Sosial şəbəkədəki fotoşəkillərinə əsasən, o, son məzuniyyətini Bakıda keçirib.
Yanvarın 10-da xanım onu davranışları ilə bağlı bezdirən “sual yağışını” dayandırmaq ümidilə “Instagram”da yazı paylaşıb.
Qeyd etmək lazımdır ki, yerli ictimai fəal Martin Brest öz “Facebook” səhifəsində xanımın həmin hadisədən sonra guya axtarışda olduğunu və adının İnterpolun axtarış siyahısına daxil edildiyini bildirmişdi.
Lvov polisinin məlumatına görə, Ukrayna Cinayət məcəlləsinin 345-ci maddəsinin 2-ci (xidməti vəzifəsini yerinə yetirən hüquq-mühafizə orqanı əməkdaşı və ya onun yaxın qohumlarına hücum etmək, yüngül və ya orta dərəcəli bədən xəsarətləri yetirmək) hissəsinə əsasən, günahı məhkəmədə sübuta yetirilsə, Abiyevanı azadlığın beş ilə qədər məhdudlaşdırılması və ya həmin müddətə həbs olunması gözləyir.
Vəsiqəsi olmayan sürücünün dostları “Instagram”da onun bu cür davranışını pisləyib, onun azyaşlı qızına pis örnək olduğu bildirilir.